“Fənərbaxça” “Qarabağ”ın istədiyi futbolçunu bağışladı

Türkiyənin “Fənərbaxça” klubu futbolçusu Alper Potukla bağlı qərarını dəyişib.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi yarımmüdafiəçini yenidən heyətə cəlb etmək qərarına gəlib.

Fevral ayında maaşı 40 faiz endirildikdən sonra əvəzedici heyətə göndərilən 29 yaşlı oyunçu bu gün klubun bazasına çağırılıb. Rəhbərlik tərəfindən bağışlanılan Alper maaşının bir qədər də azaldılmasına razılıq verib. O, bütün şərtlərə rəğmən İstanbul təmsilçisinin uğurları üçün çalışmağa davam etmək istəyir.

Türkiyə millisinin sabiq üzvünün “Fənərbaxça” ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.

Qeyd edək ki, “Qarabağ” Alperi bu ilin yanvarında icarəyə götürməyə çalışsa da, futbolçu son anda Azərbaycan klubuna keçməkdən imtina edib.