Emrelinin nağılı, çayçı Məmmədin hesablaması

“9-luq”

Emrelinin nağılı

2020-ci ilin xəbəri

– “Qarabağ”ın futbolçusu Mahir Emreli karyerasını Türkiyənin “Beşiktaş” klubunda davam etdirə bilər.

2021-ci ilin xəbəri

– Polşanın bir neçə klubu “Qarabağ”ın hücumçusu Mahir Emrelinin xidmətində maraqlıdır.

2025-ci ilin xəbəri

– Almaniya Bundesliqasında çıxış edən bir klub “Qarabağ”ın futbolçusu Mahir Emrelini transfer etmək istəyir.

2060-cı il

– Mahir Emreli nəvələrini başına yığıb, onlarla söhbət edir: “Həə, bala, o vaxt məni Avropadan çox klub istəyirdi, amma getmədim. Babanız elə-belə futbolçu olmuyuf eee”.

Çox ye, çox qazan!

Azərbaycanda yeyərək pul qazanan iki növ insan var. Birincisi məmurlardır, başqalarının haqqını yeyərək, var-dövlət sahibi olurlar. İkincisi isə futbolçulardır, Avropada qol yemədikləri komanda qalmayıb, ancaq çoxundan çox yaxşı yaşayırlar.

Çayçı Məmmədin hesablaması

– Qardaş!

Bəli.

– Sən futboldan yazısan da, hıy?

Bəli.

– AFFA milli komandaya bir məşqçi gətimişdi e, adı da… Hə, Nikola Yurçeviç. Düzdümü?

Düzdü.

– Bə düzdümü ki, AFFA ona ildə bir milyon avro mayış verirdi, əmbə o gözünə döndüyüm də gedib seçmə tsıkılda bir xal yığa bildi?

Bu da düzdü.

– Ayy sağ ol! Mən kiməm? Çayçı Məmməd. Gündə Allah verəndən, 15-18 çaynik çay satıram, gündəlik pulumu çıxarram dana. Hər çayniki iki manatdan hesablıyanda eləyir ildə 10-11 min manat. İndi sənin qadoy alım, bu Yurçeviçin məndən nəyi artığdı ki, ona heç bir iş görmədiyinə görə bir milyon avro verirlər, əmbə mən hər gün 15-18 çaynik çay satıram, qazandığım da qəpik-quruş olur? Nəyi artığdı da, hıy? Oğlum Ağabalanın canına and olsun, Yurçeviçin yerində olsaydım, 15-18 çaynik çayın puluna o bir xalı elə mən də qazana bilərdim. Düz demirəm, hıy?

Azərbaycanlı idman jurnalistiylə dialoq

– “Neftçi”nin bu mövsüm Premyer Liqada çempionluğa yaxın olmasına sevinirsən?

Hə!

– Nəyə görə?

Rəqabət olsun da, nə qədər “Qarabağ” çempion olacaq ee.

– Elə buna görə?

Əslində təkcə buna görə yox.

– Bəs nəyə görə?

“Neftçi” çempion olandan sonra hara gedəcək?

– Çempionlar Liqasına.

Düppədüz! Sonra?

– Nə sonra? Sonra oynayacaqlar da…

Oynayacaqlar və uduzacaqlar. Çempionlar Liqası da əlimizdən çıxacaq, Avropa Liqasında qrup mərhələsinə düşmək də. Ondan sonra nə olacaq?

– Nə olacaq?

Bax, əsas məsələ də elə bundadır: söyəcəyik, hirsimizi, ürəyimizi boşaldacağıq. Kamran Quliyevdən başlamış, Samir Abasova qədər hamısını söyəcəyik. Adrenalin olsun da, “brat”, düz demirəm?

– Nə deyim, vallah…

Elxan Məmmədovun sevinci

AFFA-nın baş katibi və icraçı vitse-prezidenti Elxan Məmmədovun gözündən Azərbaycan futbolu:

– Bu səhər yuxudan durdum. Dənizə açılan pəncərəmdən qağayıların uçuşmasını seyr elədim, dalğaların sahilə tərəf can atmasına baxdım. Yüngül idman hərəkətləri ilə bədənimdə qan dövranını tənzimlədim. Sonra dişlərimi fırçalarkən aynadan özümə baxdım, gülümsədim, göz vurdum: “Hələ formadasan, oğlan” dedim. Yemək masasına yaxınlaşarkən telefonuma zəng gəldi. Bizim federasiyanın mətbuat xidmətindən idi. Mənə inanılmaz xoş bir xəbər verdi: Azərbaycanın Xaçmaz rayonunun Atdöşü kəndində 6 yaşında oğlan uşağı bu gün topa ilk zərbəsini vurub. Bununla da, Azərbaycanda futbolla məşğul olanların sayı 300 min nəfərə çatıb! Sevincimdən uçmağa qanadım yoxdur. Əlimdə kofe dənizə açılan pəncərəyə yaxınlaşıb, dərin düşüncələrə qərq oluram. Artıq nə qağayıların gic-gic uçması, nə də dalğaların sahilə doğru axmaqcasına can atması diqqətimi çəkmir. Mən Azərbaycanda futbolla məşğul olmağa başlayan 300 mininci uşaq haqda düşünürəm. Budur futbolun kütləviliyi, budur futbolun inkişafı! Allahdan daha on beş il Azərbaycan futboluna rəhbərlik etmək üçün mənə möhlət verməsini istəyirəm. Hədəfim bir milyona çatmaqdır. Bir milyon insan həyatında heç olmasa, bir dəfə topa toxunacaq – mən bunu bacaracam!

Hazırladı: Kürşad