
DÇ-2026-dan əvvəl Fransa millisində narahatlıq
Dünya çempionatının başlamasına az bir zaman qaldığı vaxtda Fransa millisində narahatlıq yaranıb. Bu ayın 11-də start götürəcək mundial iyulun 19-da başa çatacaq. 48 komandanın qatılacağı turnirə ABŞ, Kanada və Meksika olmaqla üç ölkə ev sahibliyi edəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa yığmasının müdafiəçisi Vilyam Salibanın səhhəti komandanın məşqçilər heyətini ciddi şəkildə düşündürür. “Arsenal”ın futbolçusu PSJ ilə keçirilən UEFA Çempionlar Liqasının finalından (1:1, penalti – 3:4) əvvəl də sağlamlıq problemləri yaşayırdı. Bildirilir ki, final qarşılaşması onun zədəsini daha da ağırlaşdırıb.
Hazırda Saliba ağrılar hiss etməkdə davam edir və bir neçə həftə yaşıl meydanlardan kənarda qala bilər. Bu isə onun dünya çempionatının ilk oyununda iştirakını sual altına salır.
Fransa millisi mundialdakı ilk görüşünü iyunun 16-da Seneqal yığmasına qarşı keçirəcək. Didye Deşamın komandası qrup mərhələsində daha sonra İraq və Norveç milliləri ilə üz-üzə gələcək.
Bizi Facebook-da izləyin



