“Daha yüksək nəticələr qazana bilərdik”

U-17 Avropa çempionatında komanda hesabında 2-ci yeri tutan yunan-Roma güləşi üzrə millimiz vətənə qayıdıb.

Komanda.az xəbər verir ki, komandanı Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, güləşçilər və yığma üzvlərinin yaxınları qarşılayıb.

Millinin böyük məşqçisi Taleh İsrafilov qitə birinciliyindəki çıxışı belə dəyərləndirib:

“Budəfəki Avropa çempionatında rəqabət yüksək səviyyədə idi. Çünki Rusiya və Belarus güləşçiləri də neytral idmançı statusuyla yarışda iştirak edirdi. Ümumən çıxışımızı normal qiymətləndirirəm. Düzdü, daha yüksək nəticələr qazana bilərdik. Bəzi güləşçilərimiz səhvlərə yol verdilər. Hakim haqsızlığıyla da üzləşdik. Hər halda, komanda hesabında 2-ci yeri tuta bildik.

Bundan sonra diqqətimizi Türkiyədə keçiriləcək dünya çempionatına yönəldəcəyik. Federasiyamız yüksək səviyyədə hazırıq keçməyimiz üçün hər cür şərait yaradır. Dünya çempionatına qədər səhvlərimizin üzərində işləyəcəyik. Bir neçə çəkidə dəyişiklik olacaq”.

Avropa çempionu Turan Daşdəmirov (45 kq) isə bunları deyib:
“Yunanıstan, Gürcüstan və Ermənistan güləşçilərinə tam üstünlüklə qalib gələrək finala yüksəldim. Finaldakı rəqibim güclü Rusiya idmançısıydı. İki il əvvəl U-15 Avropa çempionatının finalında ona məğlub olmuşdum. Bu dəfə daha yaxşı hazırlaşıb, qalib gələ bildim. Dünya çempionatında da qızıl medal qazanmağa çalışacağam”.

Xatırladaq ki, Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında yunan-Roma güləşçilərimizdən Elnar Ziyadov (48 kq), Əli Seyidəlili (51 kq), Ayxan Cavadov (55 kq), Elmin Əliyev (80 kq) və Mahir Qurbanlı (110 kq) bürünc medal qazanıb. Millimiz 118 xal toplayıb və yalnız Gürcüstandan geri qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button