Çexiyalı futbol fanatının Bakı xatirələri

Rəşad Ergün

Danimarka milli komandası ilə Avropa çempionatı-2020-nin 1/4 oyununun Azərbaycanın paytaxtı Bakıda keçiriləcəyini bilən kimi dostlarla danışdıq ki, ora mütləq getmək lazımdır. Həm də, araşdırdıq, öyrəndik ki, lənətə gəlmiş koronavisura görə Azərbaycan hökuməti ölkəyə gedən turistləri elə də sıxma-boğmaya salmır. Bizə nə lazım idi? Çantalarımızı hazırlayıb, Bakıya uçmaq.

Bakı insan əlinin, arzularının, ehtirasının təbiət üzərində tamamilə qələbə çalmasını özündə bariz əks etdirən qəribə şəhərdir. Sayı-hesabı bilinməyən hündürmərtəbəli binalar ağaclar, ot, kölgəlik, oksigen üzərində çoxdan qələbəsini elan edib. Bu şəhərdə yaşayan azərbaycanlılar isə dünyanın ən unikal insanlarıdır. Təsəvvür edin, bu beton və daş məzarlığında onlar nəinki rahatlıqla nəfəs alırlar, hətta hökumətin tələbi ilə ağızlarına maska da keçirirlər. İnanılmazdır, ujas!

Oyuna saatlar qalmış Azərbaycanın paytaxtını gəzərkən, istidən nəfəs almaq olmurdu. Birdən gözüm əlində süpürgə, səkinin üzərini süpürən yaşlı bir qadına sataşdı. Əvvəlcə burda film çəkildiyini düşündüm. Ətrafa baxdım, heç bir kamera yox idi. Deməli, bu, film deyildi. Nənəm Petranı xatırladım. İndi bağda oturub, yanında da bizim dadlı çex pivəsi, axşam keçiriləcək oyuna baxmağa hazırlaşır. Sonra birdən nənəmin Çexiyada deyil, Azərbaycanda doğulduğunu, 45 dərəcə istidə, əlində süpürgə küçə süpürdüyünü xəyal etdim. İlahi, yaxşı ki, Petra nənəm Azərbaycanda dünyaya gəlməyib!

Bakıda məni heyrətləndirən şeylərdən biri də avtomobillərin çoxluğu oldu. Adamda elə təəssürat yaranır ki, burda insanlar avtomobilləri minmir, avtomobillər insanları minir. Daha sonra ictimai nəqliyyatda insanların sıxlığını görəndə anladım ki, burda təkcə avtomobillər insanları minmir, insanlar özləri də bir-birlərini minirlər.

Uşaqlardan biri Bakını ağuşuna alan Xəzər dənizinin sahilinə baş çəkməyi təklif etdi. Saata baxandan sonra, çox da müzakirə etmədən, təklifi qəbul etdik. Xəzərin sahilinə ayaq basan kimi diqqətimi cəlb edən suyun üzərini örtən mazut və yağ oldu. Uşaqlara elə belə də dedim: “Bu dəniz ölüb, gəlin ruhunu bir dəqiqəlik sükutla yad edək”. Təbii ki, bu, zarafat idi, biz göz aldıqca uzanan “cəsəd” üçün sükuta qərq olmadıq.

Saatın əqrəbləri bizim doğma milli komandamızın Danimarka ilə qarşılaşmasının başlamasına az qaldığını işarə edəndə üz tutduq oyunun keçiriləcəyi stadiona. Bu nəhəng idman qurğusunun başa gəlməsi üçün bir milyard dollara yaxın pul xərcləndiyini deyirlər. Ancaq mən öyrənəndə ki, Azərbaycanın milli çempionatında vur-tut səkkiz komanda mübarizə aparır, heyrətləndim. Elə bil ki, sən puluna qıymayıb, hədsiz zövqlə, böyük, geniş, möhtəşəm bir ev tikdirirsən, amma özün yaşamırsan, kirayə verirsən. Bu azərbaycanlılar doğrudan da unikal insanlardır.

Oyun bizim əbədi sevgimiz olan milli komandamızın məğlubiyyəti ilə başa çatdı. Bakını kədərlə, üzüntü içində tərk etdik. Beton və daşlardan ibarət bu “məzarlığ”ı tərk edərkən ağlımda sadəcə bir fikir var idi: Çexiyaya çatmaq və nəfəs almaq!

(bu yazı daha əvvəl Meydan.TV-də yayımlanıb)