“Çelsi” Dibalanı gözləyir

“Yuventus”un futbolçusu Paulo Dibala karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı hücumçu “Çelsi”nin hədəfindədir. Məlumata görə, London klubu futbolçunun “qoca sinyora”dakı gələcəyini yaxından izləyir. Dibala bir müddətdir yeni müqavilə üçün “Yuventus”la danışıqlar aparsa da, hələ ki, tərəflər arasında razılıq əldə olunmayıb. Danışıqlar prosesi uzanacağı halda “zadəganlar” argentinalı futbolçu üçün rəsmi təklif göndərəcək.

Dibalanın “Yuventus”la müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. O, klubla müqaviləni 2025-ci ilədək uzatmaqla bağlı danışıqlar aparır.