“Cavab matçı “Qarabağ” üçün çətin keçəcək” – “Linfild”in futbolçusu

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində “Qarabağ”la qarşılaşacaq Şimali İrlandiyanin “Linfild” klubunun kapitanı Ceymi Malqryu açıqlama verib.

Komanda.az “İrish news”a istinadən xəbər verir ki, 33 yaşlı futbolçu, matçın “Qarabağ” üçün çətin keçəcəyini bildirib:

“Cavab matçı “Qarabağ” üçün çətin keçəcək. Onlar səfərdə bütün silahlarını işə salmışdılar. Bizim çıxışımız onları şoka salmışdı. İlk oyunda olduğu kimi, Bakıda da sıx oyun göstərib, rəqibi əks-hücumda yaxalamağa çalışacağıq. Yəqin ki, “Qarabağ”ın daha bir neçə sürətli futbolçusu var, amma biz də mübarizə apararaq, üstünlüyümüzü qoruyacağıq.

Matçın keçiriləcəyi stadion möhtəşəmdir. Orda əla ot örtüyü var. Bu, hər kəsin oynamaq istədiyi stadiondur”.

Yarımmüdafiəçi, matçın hazırlıqları barədə də danışaraq, oyunun vacibliyini vurğulayıb:

“Hazırlığımız yerindədir. Geniş və keyfiyyətli heyətimiz var. Bu oyun üçün bizi böyük pul mükafatı gözləyir. Mərhələləri keçdikcə futbolçular qələbələrə daha ac olurlar. Bu, karyeramızdakı ən böyük matçdır. Bir də belə şansın nə vaxt əlimizə düşəcəyini bilmirik”.

“Qarabağ” – “Linfild” matçı bu gün, saat 20:00-da start götürəcək. Komandalar arasında keçirilən ilk oyun Şimali İrlandiya klubunun 3:2 hesablı qələbəsi ilə başa çatmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button