“Bunu bacaracağımıza inanıram” – Tomas Doll

Kiprin APOEL klubunun baş məşqçisi Tomas Dollun Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ”la qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, alman mütəxəssis, 2:2 hesabıyla bitən görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb:

  • Dünən “narahat olmayın, gülən mən olacam”, demişdiz. İndi gülən kim oldu? Məğlubiyyətdən xilas olan “Qarabağ”, yoxsa səfərdə 1 xal qazanan siz?
  • Gərgin oyun oldu. Hər iki komanda güclü idi. “Qarabağ” əvvəlki oyuna nisbətən daha yaxşı oynadı. Xal qazandığımız, yaxşı oynadığımız oyun üçün çox xoşbəxtəm. Düşünürəm ki, bütün oyunçular əllərindən gələni etdilər. “Qarabağ” daha çox topa sahib oldu. 0:1 geridə olduğumuz anda hesabda 2:1 önə keçmək çox vacib idi. Heç bir komanda bu oyunu uduzmağa layiq deyildi. APOEL bu nəticə ilə yenidən yarışa qatıldı.
  • Qrupda sonuncu yerdəsiz. Şansları necə görürsüz?
  • Çox vacib 2 oyun oynamışıq. Bu gün də çox güclü komandaya qarşı oynadıq. Digər komandalar da burada oynayanda çox əziyyət çəkirlər. Şanslarımız çoxdu. “Qarabağ”ı öz meydanımızda udmaq şanslarımız çoxdu və bu olsa, xallar bərabərləşəcək. Mən bunu bacaracağımıza inanıram. Hər şey baş verə bilər. Bu xal irəliyə doğru atılmış bir addım idi. Öz oyunçularıma inanıram, lazım olan nəticəni əldə etmək üçün çalışacağıq.
  • Bu oyundan əvvəl Kipr mətbuatında yazılanlara inansaq, bu oyunda məğlubiyyət olsaydı, postunuzdan gedəcəkdiz…
  • Nə eşitmək istədiyinizi başa düşmədim. Mətbuatda yazılanlar məni maraqlandırmır.
  • “Qarabağ”la ÇL oyununda daha çox fit çalırdız. Bu gün isə bir dəfə. Bu nə ilə bağlı idi, komanda sizi yaxşı başa düşür, yoxsa ehtiyac olmadı?
  • Futbolçularımla ünsiyyətimin sizə heç bir aidiyyatı yoxdur.
  • Komandanın oyunundan razı qaldız?
  • Komandanın oyunundan çox da razı qalmadım. Ancaq komanda ruhu məni qane etdi. Oyunçular bütün güclərini qoydular. Bir az problemlərimiz var. Oyunçular topu daha çox özlərində saxlamalıdı. Səhvlərmizi görürük. Əsas məsələ komanda ruhunun olması idi. Qrupa yaxşı başlamadıq, bizi tənqid edənlər çoxdu. Problemlərimizi aradan qaldırmağa çalışacağıq.
  • Bu gün APOEL-in səfər modelini gördük. Bəs Kiprdə necə olacaq? “Qarabağ”ın yaradıcı və sürətli oyunçuları sizə problem yaratmayacaq?
  • Bizim komandamızda orta xətdə bir az yaradıcılıq çatmırdı. Əsas odu ki, bizim oyunçularımız udmaq istəyirdi və buna inanırdı. Yarımmüdafiəçilərimiz öz üzərində işləyirlər. Onların da özlərinə məxsus oyun tərzi var. Cərimə meydançasına yaxın oynayan yaradıcı oyunçularımız var. Ev oyunumuzda fərqli tərzdə oynayacağıq.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button