“Bu uşaqdan futbolçu olmaz”… Və ya, “mələk”, yoxsa “tülkü”? Yazı+Fotolar

38 yaşında karyerasını bitirən “Real”ın əfsanəvi futbolçularından olmuş Raul Qonsalesin vurduğu qollar, qırdığı rekordlar azarkeşlər tərəfindən hələ də xatırlanır.

Raul 1977-ci ildə İspaniyada doğulub. O, küçədə, toz-torpaq içərisində futbol oynayarkən, “Atletiko” azarkeşi olan atası don Pedro onun bir gün bu klubda oynayacağını xəyal edirdi. O, bu xəyalını gerçəkləşdirə bildi, Raul “Atletiko”da oynamaq imkanı qazanmışdı. Amma bundan sonra işlər onların istədiyi kimi getmədi. Klub heyəti onun zəif olduğunu və “bu uşaqdan futbolçu olmaz” demişdi. “Atletiko” macərası başlamadan bitən Raul, bir il sonra “Real”ın seçimlərinə qatılmış və orda qəbul edilmişdi.

O, bu barədə fikirlərini belə ifadə edir:

“Atletiko”dan “Real”a keçidim, balaca olmağıma baxmayaraq, mənim üçün böyük dəyişiklik idi. Bəli, “Atletiko” da çox böyük klubdur, amma ən yaxşı futbolu “Real” oynayır, ən gözəl qolları “Real” vurur”.

“Real”da keçirdiyi ikinci mövsümündə çempionluq yaşayan Raul haqqında İspaniya kralı, “Raul “Real”ın mələyidir. O, “Real”, “Real” da odur” demişdi. “Kral klubu”nun azarkeşləri üçün o, bir mələk ola bilərdi, amma rəqiblər ona “tülkü” ləqəbini vermişdi. “Real”ın heyətində ilk dəfə “Saraqosa” ilə oyunda iştirak edən Raul, klub tarixində La Liqada oynayan ən gənc futbolçu olmuşdu. Hər zaman ona çox güvəndiyini deyən baş məşqçisi Xorxe Valdanonun inamını doğruldan Raul, oyundan sonra çalışdırıcısının onun üçün vacib biri olduğunu demişdi. 17 yaşında dünyanın ən yaxşı komandasında oynamağa başlayan gənc futbolçu, ilk qolunu da əzəli rəqibə vurmağı bacarır. Madrid derbisində “Atletiko”ya qol vuran Raul, “Sanki cənnətdə idim. Ailəm, dostlarım, hər kəs xoşbəxt idi” demişdi.

“Real” azarkeşlərinin artıq öyrəşdikləri mənzərə idi: hansı cinahdan ediləcəyi vacib olmayan ötürmə verilir, kimsə bu hücumun qolla nəticələnəcəyini düşünmür və bu anda Raul səhnəyə çıxaraq, qol vurur və… üzüyünü öpür.

1997-1998-ci il mövsümündə “Real” illər sonra Çempionlar Liqasının finalına vəsiqə qazanmağı bacarır. Finalda rəqibi olan “Yuventus”a qol vura bilməsə də, o, “kral klubu” ilə birlikdə çempion olmağı bacardı. İki il sonra yenidən final oyununa çıxan “Real”ın budəfəki rəqibi “Valensiya” idi. Bu dəfə finalda qol vurmağı bacaran Raul, çempionluqda pay sahibi oldu.

2000-ci ildə Mamen Sanz ilə evlənən Qonsales, vurduğu hər qolu həyat yoldaşına və ailəsinə həsr edirdi. “Real”a və bu klubun tarixinə olan bağlılığı ilə tanınan “qol maşını”, birinci oğlunun adını komandadakı ilk baş məşqçisi Xorxe Valdanoya həsr edərək, Xorxe, ikinci oğlunun adını isə Uqo Sançesə görə Uqo qoyur.

Rus milyarder Roman Abramoviç “Çelsi”ni alarkən, ilk işi Raulu “zadəganlar”a transfer etmək idi. O zamanlar çılğınlıq hesab olunsa da, yeni klub sahibi onun üçün “Real”a 70 milyon avro təklif edir. “Real”ın prezidenti Florentino Peres isə “Raul satılmır. Bəlkə, 180 milyon avro gətirən olsa, onu sata bilərəm. Amma dünyada bunu edə biləcək yeganə klub da məhz “Real”dır” cavabını vermişdi.

2002-ci ildə keçirilən Çempionlar Liqasının finalında Zinəddin Zidanla birlikdə komandanın ən yaxşısı olduğunu sübut edən futbolçu, oyundan sonra əlində İspaniya bayrağı ilə etdiyi “matador” rəqsi o ana şahidlik edən bütün futbolsevərlərin ağlında qaldı. Tarixin ən yaxşı şəkillərindən biri də məhz bu anda çəkildi.

Florentino Peresin başlatdığı “Los Qalaktikos” layihəsi sayəsində komandaya Luiş Fiqu, Ronaldu və David Bekhem kimi futbolçular cəlb olundu. Amma dəyişməyən bir ad – Raul Qonsales vardı. O, hər zaman klubda qalmağı bacardı və ən çətin günlərində bu komandaya liderlik etdi.

Klub karyerasındakı uğurlara baxmayaraq, İspaniya millisi ilə heç bir titul qazana bilməmək onun üçün ən böyük boşluqlardan biri idi. 2002-ci ildə bir müsahibəsində, “AÇ-2000-də Fransa millisinə vura bilmədiyim penalti epizodu, həyatımın ən pis anlarından biri idi” demişdi Qonsales.

Raul AÇ-2008 ərəfəsində baş məşqçi Luis Araqoneslə problem yaşadı. Hər kəs onun milliyə çağırılıb-çağırılmayacağını düşünərkən, Araqones artıq “Barselona”nın futbolçuları ilə heyətini qurmuşdu və hücum xəttində Fernando Torreslə David Vilyaya güvənmişdi. Raul milli komandanın heyətində ehtiyatda qalmaqdan imtina edir və Avropa çempionatına qatılmır. Beləliklə, İspaniyanın illər sonra qazandığı çempionluğu evindən izləməyə məcbur olur.

2008-2009-cu illər mövsümündə “Real” çempionluğu “Barselona”ya təhvil verdi. Hər kəs 32 yaşlı Raulun karyerasını bitirəcəyini gözləyirdi.  2009-2010-cu il mövsümündə 13 oyuna start heyətdə başlayan Raul, “Santyaqo Bernabeu”da son qolunu 2009-cu ilin oktyabrında “Valyadolid”ə vurdu. Komandanın yeni futbolçusu Kriştiano Ronaldo, “Mançester Yunayted”də alışdığı 7 nömrəli formanı almaq üçün səbirsizlənirdi. “9 nömrə” altında çıxış edən portuqaliyalı futbolçu, ilk oyununu Raulun yerinə oynayaraq keçirdi. Bəlkə də, Raul üçün “Real”ın və “7 nömrə”nin sonu o an yaşandı. Həmin il, “Məncə, “Real” – Raul münasibəti asan əldə ediləcək münasibət deyil. Karyeramı burda bitirmək istəyirəm” demişdi, amma heç nə onun istədiyi kimi getmədi. 2010-cu ildə komandanın “sükanı arxasına” keçən Joze Mourinyonun planlarında onun adı yox idi. Belə vəziyyətdə, o, “Şalke”yə transfer olunur. İki il Almaniyada olan Raul, daha sonra Səudiyyə Ərəbistanına gedir. O, bir müddət “Əl-Sədd” forması geyindikdən sonra “Nyu York Kosmos” klubuna keçir.

“Real” azarkeşləri onun “kral klubu”na məşqçi kimi qayıdışının 17 yaşında ilk peşəkar oyununa çıxdığı gün kimi həyəcan dolu olacağını düşünür. “Real”la üç dəfə Çempionlar Liqasını qazanan, 323 qolla klub tarixinin ən güclü futbolçularından olmağı bacaran və 71 qolla Çempionlar Liqasının bombardirlər siyahısında qərarlaşan “El-Diablo”nun bu dönüşü möhtəşəm olacaq…

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button