“Bu qələbədə “Neftçi” TV-nin də rolu oldu” – Samir Abasov

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 13-cü turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:1 hesablı qələbədən sonrakı mətbuat konfransında bunları söyləyib:

“Oyuna kimi olan vəziyyəti sizə danışım. Necə edək, nə edək? Vəziyyət çox gərgin idi. Nəyə görə? Rəqib kimi bizim skamyamız yoxdur. Oktavio, İssa, Ninqa və Kamran oyunu buraxmışdı. Necə edəcəkdik? Məcburi Səbuhini vinger oynatdıq. Roy da vinger oynadı. Başımızı sındırdıq. Dünən gecə futbola baxıram. Almaniya Bundesliqasına. Birdən qrupa tanıyanlar video göndərir. “Neftçi” TV video düzəldib. Sübhənallah. Dedim bu nə yaxşıdır. Bu gün gəlsin, komandanı gör necə qızışdırıram. Bizə bonus veriləcək? “Neftçi” medianın böyüyü xanımdır? Sumqayıtda məndən oyundan sonra müsahibə alırdılar. İşıqlar söndü. Çıxıb gedə bilərdim. Qabiliyyətimi göstərdim. “Neftçi” TV-nin videosunu bu gün futbolçularımız göstərdi. “Neftçi”nin media departamentinin rəhbərinə də bonus düşür. Rəhbərliklə danışaq, onlara da bonus verək. Sağ olsunlar. “Sumqayıt”ın qələbəsində rolları oldu.

Analizlər necə aparılır, mənim üçün müəmmalıdır. Son turlarda formada olan bizik. “Neftçi”ni analiz edən adam mən deyiləm. “Neftçi” bu oyuna kimi nələr edib, sualları verərsiz onlara. Bizim itkilərimiz var idi, “Neftçi” ev sahibidir, üstün tutulmalıydı. Ev sahibi avantajı da var idi, heyəti də genişdir. Dərin incəliklərə getsələr, bəlkə bu gün şansları 50-50 saya bilərdilər. Amma mən də azarkeş kimi üstünlüyü “Neftçi”yə verərdim. Bu qələbə sürprizdir? Xeyr. Uduzduğumuz matçlarda da dominantlığımız olub. Bu gün çox layiq idik qələbəyə.

Sumqayıtdakı matçda sakit durmuşdum. Mənə elə gəlir ki, “Neftçi”yə gələn baş məşqçilər komandanı “Sumqayıt”la oyuna elə hazırlayırlar ki… Oyunlarımız gərgin keçirdi. Mən amili də var burada. 90-cı illərdə dünya çempionatında məhəllə söhbətləri var idi, İrana demişdilər ki, kimə uduzursan uduz, ABŞ-a uduzma. Məncə, “Neftçi”də də belədir ki, “Sumqayıt”a uduzma. Qol vurub, üstümüzə tullanırsansa, belə şeylər sizin də başınıza gələcək.

“Qəbələ”ni udmaq istəmirdik? Oyundan oyuna fərq var. Bu gün topla oynamayan komanda aqressiv görünməyə bilər. Topsuz komanda daha aqressiv görünür. “Neftçi”nin özəlliyi və böyüklüyü budur ki, bütün komandalar ona qarşı aqressiv oynayır. “Neftçi” flaqmanımız, tariximiz, canımızdır. “Xəzər Sumqayıt”ın vaxtında da intriqalar var idi. Onda mən yox idim axı. “Neftçi”yə qarşı hamı belə oynayacaq. Biz də qalib gəlmək istəyirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button