“Biz bu mövsüm Azərbaycanın ən yaxşı komandası idik” – MÜSAHİBƏ

Ötən il tarixində ilk dəfə Azərbaycan kubokunu qazanan “Sabah” bu mövsüm daha böyük uğura imza atdı. “Bayquşlar” 2025/26 mövsümünün başa çatmasına 4 tur qalmış ölkə çempionluğunu rəsmiləşdirdi və bununla yanaşı, kubokun finalında “Zirə”ni 2:1 hesabı ilə məğlub edərək, “qızıl dubl”la yadda qaldı.

Masazır təmsilçisinin polşalı müdafiəçisi Timoteuş Puxaç Komanda.az-a müsahibəsində komandanın uğuru, mövsümün həlledici anları və şəxsi performansı barədə fikirlərini bölüşüb. Həmin müsahibəni təqdim edirik:

– Mövsümün bitməsinə dörd tur qalmış çempionluğu rəsmiləşdirmək sizin üçün nə qədər xüsusi hissdir?

– Ən vacib məqam odur ki, biz çempion olduq. Çempionluğu dörd tur əvvəl və ya son mərhələdə də rəsmiləşdirmək olar, amma daha rahat psixoloji durum üçün bunu tez etmək yaxşıdır. Amma dediyim kimi, əsas olan çempionluq idi. Bunun hansı mərhələdə baş verməsinin elə də böyük əhəmiyyəti yoxdur.

– Finalda “Zirə”yə qarşı qazandığınız qələbə və “qızıl dubl” komandanızın səviyyəsini necə göstərdi?

– Fikrimcə, bu bir oyunla bağlı deyildi. Biz bu mövsüm Azərbaycanın ən yaxşı komandası idik və bunu həm Premyer Liqada, həm də kubokda sübut etdik.

– Komandada uğurun əsas sirrini nədə görürsən?

– Bir klub kimi birlikdə mübarizə aparmaq, əla baş məşqçi və məşqçi heyətinə malik olmağımız.

– Öz performansını necə qiymətləndirirsən və səncə, bu mövsüm ən yaxşı matçın hansıdır?

– Bunu mən qiymətləndirə bilmərəm. Mənim işim futbol oynamaq və komandamın uğurları üçün əlimdən gələni etməkdir. Necə alınır, məncə, buna kənardan qiymət vermək daha yaxşı olar.

– Səncə, Avropa səviyyəsində rəqabət üçün “Sabah”ın ən çox gücləndirilməli mövqeyi hansıdır?

– Bizim üçün hansısa hədd yoxdur, böyük xəyallar qururuq və çox çalışırıq. Öz gücümüzə inanırıq. İnanırıq ki, Avropa arenasında da yaxşı nəticələrlə azarkeşlərimizi sevindirə biləcəyik.

– Bu yaxınlarda “Sabah”la yeni müqavilə bağlamısan. Bununla bağlı nə deyə bilərsən?

– Bəli, təzəlikcə yeni müqavilə bağladım. Artıq tam olaraq “Sabah”ın bir üzvüyəm. Burada öz oyunumu tapdım. “Sabah”da olmaqdan və yeni müqavilə bağladığıma görə çox şadam.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button