“Bu cür komandalar hər zaman təhlükəli olur” – Valverde

İspaniya La Liqasının cari turunda “Qranada” ilə qarşılaşacaq “Barselona”nın baş məşqçisi Ernesto Valverde açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, son vaxtlardakı uğursuzluq haqqında danışan 55 yaşlı mütəxəssis, Lionel Messinin vəziyyəti ilə bağlı da açıqlama verib:

“Hazırda yaxşı nəticələr əldə edə bilmirik və sonralar bunun cəzasını çəkə bilərik. “Osasuna” ilə qarşılaşmada qalib gələ bilmədik. Bu tendensiyanı dəyişdirmək lazımdır. Bu cür oyunlar çempionatın taleyini müəyyənləşdirə bilər.

“Qranada” çempionata yaxşı başladı. Bu cür komandalar hər zaman təhlükəli olur. Onların uğurlu başlanğıcı böyük zəhmətin nəticəsidir. Bu oyuna qalib gəlmək üçün çıxacağıq. Messi bir müddətdir zədəli olsa da, “Borussiya” (Dortmund) ilə oyunda (0:0) yaxşı təsir bağışladı. Ümid edirəm ki, o, tezliklə öz formasını bərpa edəcək və nəticələrini göstərəcək”.

“Qranada” – “Barselona” oyunu bu gün, saat 23:00-da start götürəcək.