Braziliyada mövsümün ən yaxşıları bəlli oldu

Futbol üzrə Braziliya çempionatında yenicə başa çatan mövsümün ən yaxşı oyunçusu və məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, “Braqantino” klubunun hücumçusu Klaudinyo mövsümün ən yaxşı futbolçusu elan olunub.

24 yaşlı braziliyalı həm də mövsümün ən yaxşı gənc futbolçusu seçilib. Klaudinyo geridə qalan mövsümdə rəqib qapılarından 18 top keçirib. “San-Paulo”nun hücumçusu Lusiano da 18 qol vurmasına baxmayaraq, Klaudinyonun hesabında 6 məhsuldar ötürmə də olduğundan, bombardir adı məhz ona verilib.

Mövsümün ən yaxşı məşqçisi isə “Flamenqo”nu çalışdıran Rojerio Seni seçilib. 48 yaşlı mütəxəssis bu komandanı ötən ilin noyabrından çalışdırmağa başlasa da, mövsümü qızıl medallarla başa vurub.

Qeyd edək ki, “Flamenqo” Braziliya A Seriyasında mövsümü 71 xalla 1-ci pillədə başa vurubsa, “İnternasional” 70 xalla 2-ci, “Atletiko Mineyro” 68 xalla 3-cü yeri tutub. Klaudinyolu “Braqantino” isə 53 xalla mövsümü 10-cu sırada bitirib.