“Biz onlardan daha yaxşıyıq” – Bolinya

Bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakı İdman Sarayında Slovakiya yığması ilə qarşılaşan Azərbaycan millisi qələbə qazanıb.

Komanda.az xəbər verir ki, 4:1 hesabıyla bitən oyunda hesabı açan və qələbədə pay sahibi olan hücumçu Bolinya görüşlə bağlı federasiyanın rəsmi saytına açıqlama verib.

O, ilk oyunun çətin keçəcəyini gözlədiklərini vurğulayıb:

“Qələbə münasibəti ilə komandamızı təbrik edirəm. Çox çətin oyun oldu. Əslində belə olacağını da gözləyirdik. Çünki ilk matçlar hər zaman çətin keçir. Həm də rəqibimiz yaxşı komandadır”.

Xüsusilə də birinci hissədə çoxsaylı qol epizodlarını qaçırdıqlarını qeyd edən futzalçı son 3 dəqiqənin həlledici olduğunu deyib: “Oyun ərzində çoxsaylı qol epizodu yaratdıq. Əsas da birinci hissədə, amma reallaşdıra bilmirdik. Sona 3 dəqiqə qalmış demək olar, işimizin öhdəsindən gəldik. Əvvəlcə Qalo hesabda üstünlük qazandırdı, ardınca Xətai və İsa qələbəni təmin etdi. Uşaqlar rəqib 5 futzalçı ilə oynayan zaman müdafiədə yaxşı dayandılar”.

Bolinya fevralın 2-də Yunanıstanla keçiriləcək oyuna da toxunub:

“Yunanıstanla oyunumuz da çətin keçəcək. Çünki doğma meydanda oynamayacağıq. Amma qazandığımız qələbə komandada ruh yüksəkliyi yaradıb”.

O, Moldova – Yunanıstan duelini izlədiyini, matçın çətin keçəcəyini söyləyib:

“Yunanıstanın Moldova ilə matçını izlədim. Fikrimcə, futzalda zəif, pis rəqib olmur. Üstəlik, onların meydanında oynayacağıq. Bundan başqa, rəqib ilk oyunda məğlub olduğuna görə sərt çıxış edəcək. Yaxşı hazırlaşacağıq. Əlbəttə, hər iki komandanı tərəzinin gözünə qoysaq, biz onlardan daha yaxşıyıq. Səfərə ancaq qələbə qazanmaq üçün yollanacağıq”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button