“Bavariya” Koutinyo ilə bağlı qərar verdi

Almaniyanın “Bavariya” klubu Filippe Koutinyo ilə yollarını ayırmağa qərar verib.

Komanda.az xəbər verir ki, Münhen təmsilçisi İspaniya nəhəngi “Barselona”dan iyunun 30-na qədər icarəyə götürdüyü braziliyalı futbolçunun transfer hüququnu almayacaq.

“Bild” qəzetinin yaydığı xəbərə görə, Bundesliqanın lideri 27 yaşlı futbolçunu yenidən icarəyə götürmək də istəmir. Bu isə onun yayda yenidən “Barselona”ya qayıdacağı anlamına gəlir.

“Bavariya”nın prezidenti Karl Haynts Rummenigge bir müddət əvvəl Koutinyonun gələcəyi barədə danışarkən onun haqqında mövsüm bitəndən sonra qərar verəcəklərini bildirmişdi.

Koutinyo 2018-ci ilin yanvarında 145 milyon avroluq rekord məbləğlə “Liverpul”dan “Barselona”ya transfer olunub. O, 2019-cu ilin avqustunda icarəyə verildiyi “Bavariya”da bu mövsüm 8 qol və 6 məhsuldar ötürmə müəllifi olub.