“Barselona”nın ona 52 milyon avro borcu var

Müdafiəçi Jerar Pikenin yüksək maaşı “Barselona”nın yeni oyunçuları qeydiyyatdan keçirməsinə mane olur.

Komanda.az “Diari ARA”-ya istinadən xəbər verir ki, Kataloniya klubu 2022/23 mövsümündə 35 yaşlı ispaniyalıya 52 milyon avro ödəməlidir. Bu məbləğə vergidən əvvəlki maaş, koronavirus pandemiyası ilə əlaqədar təxirə salınmış ödənişlər də daxildir. Xatırladaq ki, o zaman Pike ona ödənilməli olan ödənişlərin 70 faizindən çoxunun təxirə salınmasına razılıq vermişdi.

Xəbərdə qeyd olunur ki, bu həftə “Barselona”nın prezidenti Xuan Laporta ilə müdafiəçi və onun nümayəndəsi Arturo Kanales arasında görüş keçirilib. Pikeyə 52 milyon avro məbləği hazırda ödəməyin mümkün olmadığı və buna görə də, ödəniş qaydalarının dəyişdirilməsinin lazım olduğu izah edilib. Kataloniya klubunun rəhbərliyi müdafiəçini maaşının azaldılmasına razılaşmağa çağırıb.

Pike ötən mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 39 oyuna çıxıb və 3 qol vurub. Onun Kataloniya klubu ilə müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.