“Barselona” bizi görüşə çağırmır, futbolçunu meydana buraxmamaqla təhdid edir”

“Barselona”nın futbolçusu Osman Dembelenin meneceri Mussa Sissoko müştərisinin klubdakı gələcəyi haqda açıqlama verib.

Komanda.az xəbər verir ki, “RMC Sport” telekanalına danışan Sissoko, klubla yeni müqavilə danışıqları aparmadıqlarını söyləyib:

“Bizim kimi insanlar təzyiq altında işləməyi sevmirlər. Bəlkə də, “Barselona” başqa menecerlərlə belə çalışır. Ancaq mən belə işləmirəm. Buna baxmayaraq, müştərimin maraqlarını qorumaq üçün buradayam.

Sosial şəbəkələrdə nələrsə danışmaq düzgün deyil. Gərək, həqiqətləri söyləyəsən. Bəli, tələblərimiz yüksəkdir, amma Dembele karyerasını pul üzərində qurmur. Hazırda danışıqlar getmir. “Barselona” bizi görüşə çağırmır, futbolçunu meydana buraxmamqla təhdid edirlər. Biz Dembelenin hüquqlarını qorumaq üçün lazım olanı edəcəyik”.

Dembelenin “Barselona” ilə müqaviləsi mövsümün sonuna qədərdir.