Atası Ansu Fatinin milli komanda seçimindən danışdı

“Barselona”nın futbolçusu Ansu Fatinin atası Bori Fati oğlunun milli komanda seçimi ilə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, Portuqaliyanın “A Bola” nəşrinə danışan Bori, oğlunun hələ milli komanda haqda seçim etmədiyini deyib:

“Mənim xəyalım oğlumun Portuqaliya milli komandası üçün oynaması idi. O da əvvəllər bu yığmanın formasını geyinmək istəyirdi. Ancaq indi çətindir. Çox uzun müddət əvvəl Portuqaliya Futbol Federasiyasının prezidenti ilə danışmışdım. Söhbətimiz müsbət alınmışdı, ancaq daha sonra mənə zəng etmədilər.

“Barselona” ilə oyunlarından sonra İspaniya tərəfindən artıq zənglər gəlməyə başladı. Federasiya prezidenti Luis Rubiales mənə zəng vurdu. İndi hər şey Ansunun əlindədir. Portuqaliya millisi üçün oynamaq istədiyini bilirəm. Evdə olarkən dostu Umaro Embalonun ona hədiyyə etdiyi Portuqaliya millisinin formasını geyinir”.

İspaniyanın AS nəşri Fatinin İspaniya vətəndaşlığını aldığını və bu ölkənin milli komandası üçün oynayacağını iddia edir.