“Barselona”lı üçün əlamətdar oyun

“Barselona” Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Mançester Yunayted”i məğlub edib.

Komanda.az xəbər verir ki, 1:0 hesabıyla bitən görüş Kataloniya təmsilçisinin yarımmüdafiəçisi İvan Rakitiç üçün əlamətdar olub. Bu barədə klubun rəsmi “tvitter” hesabı məlumat yayıb.

Rakitiç “Mançester Yunayted”lə qarşılaşmada iştirak edərək, futbolçu karyerasında 100-cü avrokubok oyununa çıxıb. Xorvatiyalı yarımmüdafiəçi avrokuboklarda “Barselona” ilə 50, “Sevilya” ilə 38, “Şalke” ilə isə 12 oyunda meydanda olub. O, 68 dəfə Çempionlar Liqasında, 32 dəfə də Avropa Liqasında iştirak edib.