Bakı Olimpiya Stadionunun “şikəst”liyinin sirri – Yazı+Fotolar

Bakı Olimpiya Stadionunda (BOS) tamaşaçı yeri ilə meydança arasındakı məsafənin çox olmasından şikayət edənlər haqlıdırlar. Ümumiyyətlə, bu stadionun tikintisinə xeyli xərc çəkilməsinə baxmayaraq, çox bərbad alındı.

Amma belə alınmaya bilərdi. Çünki stadionun əvvəlki layihəsi fərqli idi. Aşağıda hər iki layihəyə aid şəkillər verilib. Fərq aydın şəkildə görünür. İlkin layihə bir milyard dollara başa gəlməli və bütün müasir tələblərə cavab verməli idi. Futbol matçı zamanı tribunaları meydançaya yaxınlaşdırmaq mümkün olacaqdı. Digər yarışlarda isə ehtiyac olarsa, uzaqlaşdırıla bilərdi. Ot örtüyü təkərlər üstündə olmalı idi və lazım gələndə meydandan kənara çıxarılıb, günəş enerjisi ilə təmin olunmasına şərait yaradılırdı. Bir sözlə, əntiqə layihə idi. Bəs niyə bu stadion tikilmədi, əvəzində başqası tikildi?

BOS-un ilkin layihəsi
BOS-un ilkin layihəsi
BOS-un ikinci layihəsi

Deməli,  Bakı Olimpiya Stadionunun layihəsinin müəllifi və tikintini həyata keçirən Türkiyənin TOCA (The Office of Contemporary Architecture) şirkətinin memarlıq ofisindən memar Erdinç Çiftçi Türkiyə mətbuatına planları barədə məlumat verərkən bildirir ki, Bakıda bir milyard dollara 64 min yerlik stadion tikəcəklər. Bu məlumat tezliklə bizim mətbuata çatdı və tənqidlər başladı ki, pul yeyintisidir, Bakıda bir milyarda üç stadion tikmək olar, filan-filan. Təbii ki, bir milyard dollara 3 yox, lap 13 stadion da tikmək olar,  ancaq baxır, nə cür stadion tikirsən. Nə isə, bu tənqidlərdən sonra mətbuatda tezliklə təzə informasiya yayıldı ki, stadionu Türkiyənin “Tekfen İnşaat” şirkəti tikəcək və 68 min yerlik olacaq, bütövlükdə 640 milyon dollara başa gələcək. Daha çox yerlik və həm də daha ucuz. İlk baxışda çox cazibəli görünür. Amma düşünən olmadı ki, kapitalist axmaq deyil, qiymət və tamaşaçı sayında daha sərfəli variant təklif edirsə,  deməli, başqa məsələlərdə bizə sərfəsiz variantlar ola bilər. Məsələn, keyfiyyətdə.

“Tekfen İnşaat” bundan öncə Türkiyədə Atatürk Olimpiya Stadionunu tikmişdi və çox bərbad alınmışdı. Qardaş ölkə mətbuatı daim bu stadionu tənqid edir. İndi həmin stadionda demək olar ki, oyun keçirilmir.

Bəs necə oldu ki, qiymət birdən-birə bu qədər düşdü? Mənim versiyam belədir ki, mətbuatımızın qaldırdığı hay-küydən sonra sifarişçi olan bizim tərəf tikinti şirkətini qınayıb ki, baha tikirsiz və nisbətən ucuz başa gələn layihəni axtarıb. Ucuz ətin də şorbası olmur. Bu şorbasızlığı biz Avropa Liqasının final oyununda gördük.

Şəxsən mən düşünürəm ki, gərək layihə dəyişdirilməyəydi. Bal tutan barmağını yalayır. Yeyən bu sahədən olmasa da, başqa sahədən onsuz da yeyəcək. Cəhənnəmə yesin, heç olmasa ortaya babat bir iş çıxardı. Ara yerdə gül kimi stadion əldən çıxdı. İndi bundan sonra daha bir 60 min yerlik stadionun tikilməsi ehtimalı çox aşağıdır. BOS isə Atatürk Olimpiya Stadionu kimi bərbaddır. Avroliqanın finalı da fikrimizi təsdiqləyir.

Final matçında azarkeş susqunluğu

Başqa bir məsələ Avroliqanın final matçında stadionda azarkeşlərin passivliyi idi. Bilirsiz niyə? Çünki bizdə azarkeş yoxdur. Niyə yoxdur? Çünki çempionatımızın keçirilməsi çox bərbaddır. Soruşa bilərsiz ki, öskürməyin qulunca nə dəxli var? Axı azarkeş öz daxili çempionatında formalaşır və zaman keçdikcə əsl fanata çevrilir. Bu cür beynəlxalq oyunlarda da gəlib stadionu “sökür”. Amma bizim 8 komandalı paytaxt çempionatına demək olar ki, gələn yoxdur. Gələn olmadığına görə də, azarkeşlik edən də yoxdur. Bizdəkilər əsasən xarici klublara azarkeşlik edirlər, onların oyununa da televizordan baxırlar. Ayda-ildə bir dəfə baş tutan srağagünkü oyunlar kimi matçlara gələndə də televizordan baxırmış kimi seyr edir. Nəticədə, ən emosiyasız avrokubok matçı qeydə alınır.

Situasiyaya şərait baxımından hazır ola bilərsən, amma düşüncə baxımından da hazır olmalısan. Biz heç birinə də hazır deyildik. Üzücüdür, ancaq bu, təbii və qaçılmaz idi…

Məmməd Mirzə

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button