“Azərbaycan futbolu maraqlı və əyləncəlidir” – MÜSAHİBƏ

“Kəpəz”in nigeriyalı yarımmüdafiəçisi Olavale Onanuqanın Komanda.az saytına müsahibəsi:

– Komandanızın son turda “Sabah”la qarşılaşmadakı məğlubiyyətini (1:2) nə ilə əlaqələndirirsən?

– “Sabah”a uduzmaq acı məğlubiyyət idi. Çünki bizim bu oyunda qalib gəlmək üçün çoxlu şanslarımız oldu.

– Premyer Liqada qalmaq uğrunda “Qəbələ” ilə mübarizə aparırsız. Bir oyunda qalib gəlsəz, elitada yerinizi təmin etmiş olacaqsız. Qarşıdakı matçlardan “biz bu oyunda qələbə qazana bilərik” dediyin hansısa oyun varmı?

– Mən bütün oyunlarda qələbəyə köklənirəm. Çünki həmişə müsbət düşünürəm.

– “Kəpəz”ə Adil Şükürovun təyinatından sonra komandanız qənaətbəxş nəticələr göstərməyə başladı. Səncə, hazırkı baş məşqçiniz mövsümün əvvəlindən komandaya rəhbərlik etsəydi, turnir cədvəlinin daha yuxarı pillələrində qərarlaşa bilərdiz?

– Mövsümün əvvəlindən komandaya hansı baş məşqçinin rəhbərlik etməsindən asılı olmayaraq, nə olacaqsa, mütləq olacaq.

– “Kəpəz”lə müqavilənin müddəti nə vaxt başa çatır? Rəhbərliklə yeni sözləşmə haqda danışıq aparmısan? Ümumiyyətlə, özün “Kəpəz”də qalmaq istəyirsən?

– Müqaviləm yaxın zamanda bitə bilər. Rəhbərliklə heç bir müzakirə və ya razılaşma olmayıb. Hələ ki, “Kəpəz”də qalmaq istəyirəm. Bu, mənim üçün şəxsi qərardır.

– Artıq bir ildən çoxdur ki, Azərbaycandasan. Azərbaycan futbolu haqda fikirlərin maraqlı olardı.

– Onu deyə bilərəm ki, Azərbaycan futbolu maraqlı və əyləncəlidir.

– “Kəpəz”də ən yaxşı anlaşdığın futbolçu kimdir?

– Demək olar ki, bütün oyunçularla anlaşıram. Amma daha çox Latir Falı fərqləndirərdim.

– Gəncədə qalmaq sənin üçün darıxdırıcı olmur ki?

– Xeyr. Gəncədə qalmaq mənim üçün darıxdırıcı deyil.

– “Kəpəz”in azarkeşləri ilə aran necədir?

– Azarkeşlərimiz çox sevimlidir və bizə daim dəstək olurlar. Heç bir şikayətim yoxdur.

– “Kəpəz” bu mövsüm ev oyunlarını müxtəlif şəhərlərdə, müxtəlif stadionlarda keçirdi. Səncə, bunun komandanın oyunlarına, nəticələrinə çox təsiri olur?

– Məncə, heç bir təsiri yoxdur. Şəhərdən və ya stadiondan asılı olmayaraq, həmişə mübarizə aparır və üç xalımızı qazanmağa çalışırıq.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button