Azərbaycan cüdoçularından Minskdə daha 3 medal

Belarusun paytaxtı Minskə keçirilən ikinci Avropa Oyunlarında cüdoçuların fərdi mübarizəsi başa çatıb.

Komanda.az xəbər verir ki, sonuncu yarış günündə daha 5 idmançımız tatami üzərinə çıxıb.

Kişilərin yarışında 90 kq çəkidə mübarizə aparan cüdoçumuz Məmmədəli Mehdiyev 1/16 finalda Yahor Varapayevlə (Belarus) qarşılaşıb və qələbə qazanıb. Mehdiyev 1/8 finaldakı rəqibi Aurilyena Disseni (Fransa) də məğlub edərək 1/4 finala çıxıb. Bu mərhələdə isə o, türkiyəli Mikayıl Özerlərinə məğlub olub. Təsəlliverici qarşılaşmada isveçrəli Siril Qrossklausu məyus edən Mehdiyev bürünc medal uğrunda yarışıb. O, Vant end Noeli (Hollandiya) məğlub edib və “bürünc”ə sahib çıxıb.

Elmar Qasımov (100 kq) 1/16 finalda ukraynalı Anton Savitki ilə üz-üzə gəlib. Rəqibini məğlub edən cüdoçumuz növbəti mərhələdə estoniyalı Qriqori Minaskinə qalib gəlib. O, 1/4 finalda fransalı Cyrille Maretə uduzub. Qasımov təsəlliverici görüşdə monteneqrolu Danilo Pantiçi məğlub edib və bürünc medal uğrunda görüşdə xorvatiyalı Zlatko Kumriçlə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn Elmar da Avropa Oyunlarından bürünc medalla ayrılıb.

Zelim Kotsoyev (100 kq) 1/16 finalda Boyan Dosenə (Serbiya) qalib gələrək, 1/8 finala adlayıb. O, bu mərhələdəki rəqibi Toma Nikiforova (Belçika) uduzub və mübarizəni dayandırıb.

Uşanqi Kokauri (100+) isə 1/8 finalda sloveniyalı Vito Draqiçi, ardınca hollandiyalı Roy Meyeri mübarizədən kənarlaşdırıb. O, yarımfinalda rusiyalı İnal Tasoyevə uduzub. İdmançımız bürünc medal uğrunda avstriyalı Ştefan Xedyi ilə qarşılaşıb və məğlub olub.

Qadınların yarışında İrina Kindzerska (78 kq) 1/8 finalda Jasmin Kuelbsi (Almaniya) məğlub edərək 1/4 finala yüksəlib. O, bu mərhələdə Böyük Britaniyadan olan Sara Edlinqtona uduzub. İrina bürünc medal uğrunda görüşdə ukraynalı Qalyana Tarasova ilə üz-üzə gəlib və rəqibinə qalib gəlib. Beləcə, Azərbaycan cüdoçuları son yarış günündə 3 “bürünc”lə kifayətləniblər.

Qeyd edək ki, daha öncə Azərbaycan cüdoçularından Rüstəm Orucov (73 kq) gümüş və Hidayət Heydərov (73 kq) bürünc medal qazanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button