Azərbaycanlı Avropa çempionu erməni rəqibinə qalib gəldi

Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyi davam edir.

Komanda.az xəbər verir ki, mundialın ikinci günündə Azərbaycan millisinin daha iki üzvü ilk görüşünü keçirib.

Əvvəlcə Əli Zamanov mübarizəyə start verib. 52 kq çəki dərəcəsində yarışan Avropa çempionumuz 1/16 final mərhələsi çərçivəsində ermənistanlı Ruben Qarboyanla üz-üzə gəlib. Zamanov rəqibini 3:0 (28:28, 29:27, 29:27, 29:27, 28:28) hesabı ilə məğlub edib. O, 1/8 finalda ilk mərhələdən azad olan tailandlı Tanakon Aonyaemlə qarşılaşacaq. Bu görüş aprelin 15-də baş tutacaq.

Daha sonra Əsəd Baxışov qüvvəsini sınayıb. 91 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 final mərhələsi çərçivəsində rusiyalı Ramazan Dadayevlə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, ilk yarış günündə Əzrək Bəbirov (56 kq) da 1/16 final döyüşünü qələbə ilə bitirmişdi.

52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçunun qatıldığı dünya birinciliyinə aprelin 23-də yekun vurulacaq. Millimiz dünya birinciliyinə 9 boksçu ilə yollanıb.