“Mahir “Qarabağ” adına böyük işlər görüb, onun əziyyətini yerə vurmaq olmaz” – Müsahibə

Azərbaycan milli komandasının sabiq baş məşqçisi və AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyevin Komanda.az saytına müsahibəsi:

  • Azərbaycan milli komandasının Türkiyə (1:2), Belarus (2:1) və Moldovaya (0:1) qarşı keçirdiyi yoxlama oyunları haqda fikirlərinizi bildirərdiz.
  • Milli bu üç oyunun ikisində yaxşı oynadı. Türkiyə yığması ilə başabaş mübarizə getdi. Belarusla oyunda futbolçular yaxşı oyun sərgilədi, xarakter göstərərək qələbə qazanmağı bacardılar. Moldova ilə oyunda milli komanda istədiyi oyunu sərgiləyə bilmədi. Komandanın içərisində olan şəxslər bunun səbəbini bilər. Həm də, mövsümün sonu olduğu üçün futbolçularda yorğunluq var idi. Hücumu sürətləndirən futbolçular az idi. Bizim komanda oturmuş müdafiəni yara bilmədi. Deməzdim ki, bu üç oyunda komanda pis çıxış etdi. Səhvlər var və onların üstündə işləmək lazımdır. Ən böyük çatışmazlıq buraxılan dörd qolun üçünün standart vəziyyətdən gəlməsidir. Buna diqqət yetirməliyik. Ümid edirəm ki, gələn oyunlarda bu səhvlər olmayacaq.
  • Yığmanın son oyunlarında nəzərə çarpan hansı müsbət və mənfi məqamları qeyd edə bilərsiz?
  • Müsbət cəhətlər var, çoxdur. Ən başlıcası da heyətin bir neçə futbolçudan asılı olmaması və futbolçular arasında diqqətin yüksək olmasıdır. Sonradan meydana daxil olan futbolçular da komandaya güc qata bilir. Balanslılıq var və millidə hər mövqedə yaxşı rəqabət yaranıb. Mənfi cəhət isə bayaq da qeyd etdiyim kimi, standart vəziyyətlər zamanı buraxılan qollardır. Burda problemlər var. Oturuşmuş müdafiəni yara bilmirik. Biz heç vaxt birinci rolda oynamamışıq deyə, problemlər var. Futbolçuların ustalıq səviyyəsi də istənilən qədər deyil. Çatışmayan cəhətlər var və məşqçilər bunun üzərində işləyəcəklər.
  • Övladlarınız Kərim və Coşqunun son mövsümdəki çıxışını necə qiymətləndirirsiz?
  • Uğurlu mövsüm keçirdiklərini deməzdim. Kərim “Zirə”nin heyətində az şans qazandı və oyun praktikası az oldu. Coşqun da sabit oynamadı, mövsümün sonuna yaxın özünü göstərməyə başladı. Burda məşqçi dəyişikliklərinin də rolu var. Hər gələn məşqçinin özünə uyğun sxemi olur. Ümid edirəm ki, yeni mövsümdə həm Kərim, həm də Coşqun yaxşı performans sərgiləyəcək, məni və azarkeşləri sevindirəcəklər.
  • Kərim hazırda azad agentdir. Danışıqlar apardığı klublar varmı və məsləhətləşirsizmi?
  • Kərimin “Zirə” ilə müqaviləsinin müddəti bitdi. Hazırda bütün komandalar istirahətdədir. Yəqin bir həftəyə, on günə danışıqlar ola bilər. Onunla maraqlanan klublar olacaq. Kərim istedadlı futbolçudur, sadəcə ona etibar etmək və inanmaq lazımdır. Düşünürəm ki, o, uğurlu karyerasına davam edəcək.
  • Mahir Emrelinin “Legiya”ya keçidini necə dəyərləndirirsiz?
  • Bizim bir futbolçunun Avropa klubuna keçidi bizi sevindirməyə bilməz. O, özünü nə qədər yaxşı tərəfdən göstərsə, digər yerli futbolçulara da diqqət yetiriləcək. Ümid edirəm ki, bombardirlik keyfiyyətini orda da göstərəcək. Mahirin yaxşı çıxışı Azərbaycan futboluna müsbət bir şey gətirəcək. Onun “Legiya”ya getməsindən sonra Azərbaycan futboluna da diqqət yetiriləcək. Mahir Azərbaycan futboluna adına böyük iş dalınca gedib və ona uğurlar arzu edirəm.
  • “Qarabağ” Mahirin yerini doldura biləcək?
  • Futbolda belə deyim var – əvəzedilməz futbolçu yoxdur. Pele getdi, kimsə gəldi. Lionel Messi də getsə, yenə kimsə gələcək. Burda əsas olan Mahirin yerinə kimin gələcəyidir. Mahir “Qarabağ” adına böyük işlər görüb, onun əziyyətini yerə vurmaq olmaz. Bilmirəm, Mahirin gedişi komandaya nə qədər təsir edəcək. “Qarabağ”a gələcək yeni hücumçudan çox şey asılı olacaq.
  • Premyer Liqa klublarından avrokuboklarda gözləntiləriniz nədir?
  • “Qarabağ” hər zaman Avropada bizi yaxşı təmsil edib. Bu dəfə onları Çempionlar Liqasında “Neftçi” əvəz edəcək. “Neftçi” təcrübə baxımından “Qarabağ”dan bir az geri qalır. Onlara uğurlar arzu edirəm. Rəqibin kimliyindən çox şey asılı olacaq. “Neftçi”nin bəxti gətirsə, yaxşı komanda ilə düşəcək. Çünki “ağ-qaralar” səpələnməmişlərdə yer alacaq və nisbətən güclü komandalarla qarşılaşa bilər. Çempionlar Liqasının formatı dəyişib və burda ən güclü komandalar olacaq. “Neftçi” üçün çətin olacaq. “Qarabağ” Konfrans Liqasında mübarizə aparacaq və orda elə də güclü rəqib yoxdur. Yenə də, hər şey rəqiblərdən asılı olacaq. Həm “Sumqayıt”, həm də “Keşlə”nin rəqiblərindən çox şey asılıdır. Yenə də, bütün komandalarımıza uğurlar arzu edirəm.
  • İyunun 11-də Avropa çempionatına start veriləcək. Turnirlə bağlı proqnozlarınız nədir?
  • Proqnoz vermək çətindir. Hər zaman proqnoz verməkdən qaçmışam. Demək olar bütün milli komandaların gücü eynidir. Hər oyunun əhəmiyyəti böyükdür. Hər bir komanda çempion olmaq gücündədir. Qrup oyunlarından sonra komandaların gücünü görüb, proqnoz vermək olar. İndi millilərin durumu nə yerdədir, bizə aydın deyil.

Şahin Cəfərov