Diniyev: “Suala cavabı fırlatmıram, konkret “yox” deyirəm” – Müsahibə

Azərbaycan milli komandası AÇ-2020-nin seçmə mərhələsinin sonuncu – 10-cu turunda Slovakiyaya 0:2 hesabı ilə məğlub oldu. Bununla da, Nikola Yurçeviçin rəhbərlik etdiyi komanda seçmə mərhələdə yer aldığı E qrupunu 1 xalla, sonuncu sırada bitirdi.

Yığmanın Slovakiya ilə son matçı, seçmə mərhələdəki çıxışı və nəticələri ilə bağlı Azərbaycan milli komandasının keçmiş baş məşqçisi, hazırda AFFA Məşqçilər Komitəsinin üzvü olan Şahin Diniyevlə danışdıq:

  • Azərbaycan millisinin Slovakiyaya 0:2 hesabıyla məğlub olduğu oyun haqda fikirləriniz necədir?
  • Təəssüf ki, nəticə Slovakiyanın xeyrinə oldu. Buna görə çox danışmağa ehtiyac yoxdur. Məğlubiyyət var, məğlubiyyət var, əvvəlki oyunların davamı gəldi. Uelslə, Macarıstanla oyunlardakı kimi oldu. Yeni bir şey görə bilmədik. Slovakiya hər cəhətdən komandamızdan üstün idi. Oyunda cəmi bir şansımız oldu, hesab 0:1 olanda Renat Dadaşovun epizodu. Renat bu şansı dəyərləndirə bilsəydi, bir xal da qazana bilərdik. Bundan başqa, bütün üstünlük Slovakiyada idi. Sadəcə, cüzi şansdan istiafadə etmək qalırdı. Ondan başqa şansımız yox idi.
  • Sizcə, məğlubiyyətin səbəbləri nə idi?
  • Özüm də milli komandada olmuşam. Problemləri oyunda yox, oyuna qədər tapmaq lazımdır. Tək bir problem olsaydı, həll etmək asan olardı. Bunu ya baş məşqçidə, ya da futbolçularda tapmaq olardı. Bu zaman problemləri aradan qaldırmaq asan olur. Ancaq indi bir problem deyil, zəncirvaridir. Sistematik şəkildə bir-birinin arxasıyca gəlir. Birini tutursan, biri gəlir. Bir səhv böyük komandalarda olur və onu tapıb, həll etmək asan olur. Bizdə səbəblər çoxdur. Uşaq futbolundan tutmuş, əsas milli komandaya qədər. Zənvirvari olan sistematik problemləri aradan qaldırmaq lazımdır.
  • AÇ-2020-nin seçmə mərhələsində keçirilən 8 oyuna qazanılan sadəcə 1 xaldır. Belə nəticədə baş məşqçinin rolu böyükdür, yoxsa futbolçuların?
  • Hər birinin rolu var, hər kəs məsuliyyət daşıyır. Nəticəyə hər zaman baş məşqçi cavabdehdir. Ancaq heç birimiz – futbolçular, biz, jurnalistlər – heç kim yaxasını çəkib, qıraqda dura bilməz. Bütün seçmə mərhələni təhlil etdikdən sonra bilmək olar ki, harda səhvlər etdik, harda yanlışlıqlar oldu. Millimizin bu gündə olmasına hamımız cavabdeh olmalıyıq. Ancaq yazılan qanun var ki, nəticəyə baş məşqçi cavabdehdir.
  • Nəticəyə baş məşqçi cavabdehdirsə, deməli, Nikola Yurçeviç getməlidir?
  • Mən özüm də futbol adamıyam, etik normadan kənara çıxmamalıyam. Futbolun içində olan adamlarıq, Yurçeviçin qalıb-qalmaması haqda mənim nəsə deməyim düzgün deyil. Bu işə baxan qurum var – İcraiyyə Komitəsi. Yəqin ki, onlar yığışıb, Yurçeviçin gələcəyiylə bağlı qərar verəcəklər.
  • Yurçeviçin mümkün ayrılığından sonra baş məşqçi postu sizə təklif olunsa, qəbul edərsiz?
  • Yox.
  • Nə üçün?
  • Səbəblər çoxdur, bunu bir-bir demək istəmirəm. Suala cavabı fırlatmıram, konkret “yox” deyirəm yəni.
  • Milli komandanın potensialına inanmırsız, yoxsa nədir?
  • Çox səbəblər var, saysam, uzun olacaq. Hərənin öz baxışı var. Bir məsələyə eyni baxa bilmərik. Adaş olmağımıza baxmayaraq, bir şeyə eyni cür baxa bilmərik, eyni qiymət verə bilmərik (gülür). Fikirlərimiz üst-üstə düşməz.
  • Qısaca belə deyək də, “sırf buna görə milliyə getmərəm” dediyiniz şey nədir?
  • Bayaq futbolumuzda səbəblər axtardıq, tapa bilmədik. Bu da belədir. O qədər bir-biri ilə bağlı şeylər var ki… Əsas milli komanda futbolumuzun pik nöqtəsidir, piramidanın zirvəsidir. Avropaya çıxırıq, problemləri görürük. Amma yenidən bura qayıdanda problemləri görə bilmirik. Hamımız eyni səviyyədəyik. Bu gün mən nə millini müdafiə edirəm, nə də üzərinə gedirəm. Milliyə qədər olan məsələlər var ki, qabarıq şəkildə artır.
  • Əsas milli komandaya gedən yoldan danışdız. Hazırda U-17, U-19, U-21 milli komandaların da durumu yaxşı deyil. U-17 komandası Avropa çempionatının ilkin seçmə mərhələsində üç oyuna üç məğlubiyyət alıb. Bu gənclərlə gələcəkdə nəyə ümid etmək olar?
  • Ay sağ ol! Mən dedim ki, çox pis vəziyyətə düşə bilərik, bunların qarşısı alınmalıdır. Belə danışaq da, milliyə futbolçular hardan gəlir? Klublardan. Gərək orda nəyisə düzəldəsən. Onlar klubda məşq edir, millinin düşərgəsində 3-4 gün olur. Futbolçular millinin düşərgəsində fiziki nəyisə artıra bilməz, əsas taktiki çalışmalar öyrənir. İnkişaf baxımından böyük problemlərimiz var. U-17, U-19, U-21-in durumu yaxşı deyil. Neçə ildən sonra əsas milli komandanı bu futbolçular təşkil edəcəksə, nədən ümidlənə bilərik ki?

Şahin Cəfərov