“Qarabağ”ın hücumda, “Neftçi”nin isə müdafiədə problemi var” – Müsahibə

Bu gün Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində son çempion “Neftçi” doğma meydanda “Qarabağ”ı qəbul edəcək.

8-ci km stadionunda keçiriləcək qarşılaşma saat 20:30-da start götürəcək. Turun mərkəzi matçının baş hakimi Rəşad Əhmədov olacaq.

Komandalar buna qədər 83 dəfə üz-üzə gəlib. Bu oyunların 30-da “Qarabağ”, 23-də isə “Neftçi” qələbə qazanıb.

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyevlə “Neftçi” – “Qarabağ” matçı haqda danışdıq. Diniyev Komanda.az-a müsahibəsində hər iki komandanın ehtiyatlı oynayacağını, “Qarabağ”ın psixoloji baxımdan rəqibindən daha yaxşı olduğunu deyib:

  • Şahin bəy, oyunla bağlı gözləntiləriniz nədir?
  • Yaxşı oyun olacaq. Bilirsiz, hazırda Azərbaycan futbolunda iki lider var – “Neftçi” və “Qarabağ”. Digər klubların xətrinə dəyməsin, ancaq heyət baxımından, büdcə baxımından bu iki klub öndədir. Bu, 3 xallıq deyil, 6 xallıq oyundur. Düzdür, çempionluğun taleyini müəyyənləşdirəcək oyun deyil. Buna baxmayaraq, udan komanda çempionluq yolunda bir addım irəli düşəcək. Hər iki komandanın oyun səviyyəsi eynidir. Ağır oyun olacaq. Komandalar ehtiyatlı davranacaq. Heç kim uduzmaq istəmir. Taktiki gedişlərin ön plana çıxacağı bir oyunun olacağını düşünürəm.
  • “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və “Neftçi”nin çalışdırıcısı Samir Abasov bu kritik matçda nələrə diqqət etməlidirlər? Baş məşqçilərə məsləhətiniz var?
  • Məsləhət vermək istəmirəm. Hər ikisi təcrübəli məşqçidir. Komandalarını daha yaxşı tanıyırlar. Onların məsləhətə ehtiyacı yoxdur. Müdafiədə az səhv edən komanda qalib gələcək. Müdafiəni etibarlı qurmaq lazımdır. Kobud səhvlər oyunun taleyini həll edə bilər. Belə matçlarda güclü təzyiq olur və bu zaman da səhvlər qaçılmazdır. Daha çox səhv edən komandanın qələbə şansı az olacaq.
  • Hər iki tərəfdə kifayət qədər təcrübəli futbolçular var. Sizcə, oyunun taleyini müəyyənləşdirə biləcək futbolçular kim olacaq?
  • Mənə elə gəlir ki, liderlər çoxdur. “Neftçi”də Sabir Buqrinin, “Qarabağ”da isə Abdullah Zubirin oyunundan çox şey asılı olacaq. Hər ikisi komandasının lideridir. Bura Emin Mahmudovla Xayme Romeronu da əlavə edə bilərəm.
  • Həm taktiki, həm fiziki, həm də psixoloji hazırlığı nəzərə alsaq, hansı komandanı daha şanslı hesab edirsiz?
  • Psixoloji cəhətdən “Qarabağ”ın üstünlüyü var. Onlar bir müddət əvvəl Konfrans Liqasının qrup mərhələsinə vəsiqə əldə etdilər və motivasiyaları yüksəkdir. “Neftçi” isə Avropada iştirak etdiyi üç turnirdən də (Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası) çıxdı. Bu, komandada psixoloji problemlərə səbəb ola bilər. Ancaq motivasiya məsələsi var. Yəni “Neftçi” çempion olmaq istəyirsə, bu oyunu qazanmalıdır. “Neftçi” və “Qarabağ” hazırlığa eyni vaxtda başlayıb, komandaların fiziki hazırlıqları eynidir. Amma psixolji baxımdan “Qarabağ”ın üstün olduğunu düşünürəm.
  • Mövsümün arxada qalan hissəsində “Neftçi” ilə “Qarabağ”ın hansı güclü və zəif tərəflərini müşahidə etmisiz?
  • “Neftçi”də avrokubok oyunlarında görünən bir şey var ki, müdafiədə kobud səhvlər olur. “Qarabağ”ın çatışmayan cəhəti isə hücum xəttindədir. Komandanın hücumçu problemi var. Belə deyim, “Qarabağ”ın hücumda, “Neftçi”nin isə müdafiədə problemi var. “Qarabağ”ın güclü tərəfi özündə topu yaxşı saxlaması və topla daha çox oynamasıdır. “Neftçi”də isə əks-hücumlar yaxşı alınır. Bu, “Neftçi”nin ən güclü tərəflərindən biridir.
  • Sizin oyuna proqnozunuz nədir?
  • Böyükhesablı nəticə gözləmirəm. Hər iki komanda ehtiyatlı olacaq. Kimsə azı bir qolla qələbə qazanacaq. Lakin vurulacaq erkən qol oyunun seyrini dəyişə bilər. Geriyə düşən komanda hücuma atılacaq və arxada səhvlər buraxmağa başlayacaq. Belə olan halda, böyükhesablı nəticə qeydə alına bilər. Minimal hesablı qələbəyə və heç-heçəyə daha yaxın bir oyundur. Amma düşünürəm ki, oyunda qol olacaq.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button