Azərbaycanlı hakim “Fənərbaxça”nın oyununa təyinat aldı

Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimlərə növbəti təyinat göndərib.

Komanda.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, beynəlxalq dərəcəli referilərdən Eldar Zülfüqarov fevralın 23-də qadın voleybolçular arasında Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Fənərbaxça” (Türkiyə) – “Novara” (İtaliya) matçını idarə edəcək. Zülfüqarov İstanbulda, “Burhan Felek” voleybol salonunda təşkil olunacaq görüşdə ikinci hakim funksiyasını yerinə yetirəcək. Qarşılaşmanın birinci hakimi isə ukraynalı Medved Mixaylo olacaq.

Fevralın 24-də CEV kubokunun yarımfinalında isə Eldar Əliyev Rusiyada, “Sankt-Peterburq Arena”da kişi voleybolçular arasında yerli “Zenit”lə Belçikanın “Qrinyard” klublarının ilk oyununda hakimlik edəcək. Oyunda əsas referi Roqiç Deyan olacaq.

Digər beynəlxalq dərəcəli hakim Zaur Hacıyev isə martın 2-3-də ölkə xaricində olacaq. O, qadın voleybolçular arasında “Çağırış” kubokunun yarımfinal mərhələsi çərçivəsində “Türk Hava Yolları” – “Yeşilyurt” klublarının hər iki matçında referilik edəcək. Hacıyev “Burhan Felek” voleybol salonunda təşkil olunacaq ilk görüşdə əsas, cavab oyununda ikinci referi funksiyasını yerinə yetirəcək. O, hər iki qarşılaşmanı türkiyəli Senyurt İlhami ilə idarə edəcək.