Qərar verildi: Avropa çempionatı Kiyevdə keçiriləcək

Avropa Badminton Konfederasiyası və Ukrayna Badminton Federasiyası arasında aparılan müzakirələrdən sonra 2020-ci il Avropa çempionatının ləğv edilməsi barədə qərar qəbul edilib.

Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Bodminton Federasiyası məlumat yayıb.

Avropanın ali badminton qurumu COVID-19 pandemiyası səbəbindən bir çox ölkələrdə tətbiq edilən karantin rejiminə görə təxirə salınan turnirlərin 2020-ci il ərzində keçirilməsini mümkünsüz hesab edir.

Qurumun rəsmi saytında bildirilir ki, Ukraynada keçirilməli olan Avropa çempionatının ləğvi barədə qərar təşkilatçıları və Ukraynaya səfər etməyi planlaşdıran idmançı və azarkeşləri məyus etməməlidir. Artıq növbəti il keçiriləcək Avropa çempionatının yeni vaxtı açıqlanıb və bu dəfə də ev sahibliyi hüququ Ukrayna Badminton Federasiyasına həvalə olunub. Beləliklə, 2021-ci ilin 27 aprel-2 may tarixlərində keçiriləcək Avropa çempionatı paytaxt Kiyevdə təşkil olunacaq.

Ötən həftə, Ümumdünya Badminton Federasiyasının elan etdiyi kimi, 2021-ci il Avropa çempionatı sonuncu olimpiya təsnifat turniri olacaq. Bu səbəbdən qitənin ən yaxşı badmintonçuları Kiyevdə lisenziya xallarını tamamlamaq üçün mübarizə aparacaqlar.

Turnirdə Azərbaycanın bir idmançısı da iştirak edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button