Ansu Fati ÇL-də də tarixə düşdü

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində keçirilən “Borussiya” (Dortmund, Almaniya) – “Barselona” (İspaniya) matçı yeni rekordla əlamətdar olub.

Komanda.az “Opta”ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin yeni “ulduz”u Ansu Fati qitənin ən nüfuzlu klub turnirində debüt edən ən gənc “Barselona”lıya çevrilib. Meydana start heyətdə çıxan qvineya bisaulu ən gənc futbolçu kimi tarixə düşüb. Baş məşqçi Ernesto Valverde ona 16 yaş 321 günlüyündə ilk “11-lik”də oynamaq şansı yaradıb.

Xatırladaq ki, daha öncə “Barselona”nın ÇL-də oynamış ən gənc futbolçusu Boyan Krkiç olmuşdu (17 yaş, 22 gün).

Qeyd edək ki, Fati bu mövsüm İspaniya La Liqasında da meydana çıxmaqla, qol və məhsuldar ötürmələri ilə bəzi ilklərə imza atıb. Amma “Borussiya” ilə oyunda başqa heç nə ilə fərqlənə bilməyən hücumçu, 59-cu dəqiqədə Lionel Messi ilə əvəzlənib.