“Allaha da and içə bilərəm ki, start heyətini Elxan Məmmədov qurmuşdu”

Dünən futbol üzrə Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində səfərdə Avropanın “cırtdan”larından sayılan Lüksemburqa 1:2 hesabı ilə məğlub oldu.

Milli komandanın növbəti dəfə rüsvayçı məğlubiyyəti azərbaycanlı azarkeşkləri, futbol adamlarını özündən çıxarıb. Əksəriyyət AFFA rəhbərliyinin istefasını tələb edir, Lüksemburqa məğlubiyyəti təhqir sayır, millinin italiyalı baş məşqçisi Canni De Byazinin heyəti tapşırıqla qurduğunu düşünür.

Komanda.az sosial şəbəkədə milli komandanın məğlubiyyəti ilə bağlı düşüncələrini paylaşan futbol adamlarından (jurnalistlər, keçmiş futbol funksionerləri, menecerlər) bəzilərinin qeydlərini sizə təqdim edir:

Ceyhun Rzayev

“De Byazinin Lüksemburqa qarşı buraxdığı start heyətini heç beysbol məşqçisi də buraxmazdı. Vallah, ayıbdır. Ehtiyatda oturanlara baxanda havalanmağım gəldi: Mahir, Namik, Rəhim. Hər üçü topla irəliləmək bacarığına malik, driblinq edən futbolçudur. Lüksemburqla oynayırsan da, Portuqaliya ilə yox. Başqa vaxt deyirsən Azərbaycan çempionatının səviyyəsi aşağıdır, futbolçular xaricə çıxmalıdır. Mahir, Anton və Namiki xaricə çıxan kimi ehtiyatda saxladın. Elə yapışmısan Əli Qurbani ilə Höccət Haqverdidən. Ayıbdır e, vallah”.

Elvin Əhəd

“Əşi yox, De Byazi start heyətdə tapşırıqla heç kimi oynatmaz, heç milliyə “zakaz”la futbolçu da çağırmaz. Albaniyanı Avropa çempionatının final mərhələsinə çıxarmış mış mış mış…”

Səbuhi Səfiyarlı

“27-ci dəqiqədə iki qol buraxmaq üçün seçmişdi bu müdafiə taktikasını? Sənə məşqçi deyənin…”

Pərvin Kazımoğlu

“Sən canın, o Höccət hansı komandada oynayır ki? Sən öl bilmirəm”.

Kənan Məstəliyev

“Allaha da and içə bilərəm ki, start heyətini Elxan Məmmədov qurmuşdu”.

Yaşar Sultanov

“Utanmaqdan keçib! 16 komandadan ibarət milli çempionat təşkil olunmalıdır. Legioner limiti iki dəfə aşağı salınmalıdır. Bu gün bir turda meydana çıxan 88 futbolçunun 40-45 neferi legionerdirsə, yerdə qalan cəmi 45-50 nəfərdən (ehtiyatda olanlarla birgə) hansı keyfiyyətdə milli komanda formalaşdırmaq olar? Futbolçuları lokal maaşla, pulla, cılız istəklərlə yox, professional menecment institutları ilə əlaqələndirib, dünya, Avropa futbolunu hədəf seçməklə stimullaşdırmaq lazımdır. Futbolun coğrafiyası bütün Azərbaycanı əhatə etməlidir. Əhalisinin sayı bizdən 2-3 dəfə az olan qonşu ölkələrin dövri çempionatlarında iştirak edən komandalarının sayı bizdən dəfələrlə çoxdur. Maşın olmasa, sürücü hazırlaya bilmərik ki, bunu birdəfəlik anlamağımız lazım… Dünənki start heyəti isə sanki püşkatma ilə qurulmuşdu”.

Elnur Məmmədli

“28-ci dəqiqə. 0:2. Allah axırını xeyir eləsin. Ulduz falına əsasən heyət qursan, bundan yaxşı olardı”.

Nihat Ağasoy

“De Byazinin qurduğu start “11-lik” mümkün olan ən pis heyət idi. Belə çıxır ki, Əli Qurbani ölkənin ən yaxşı hücumçusudur? Bu adam futbola dalıyla baxır, yoxsa Azərbaycan xalqını dolayıb? Qurban Qurbanovun “torbasını tikib” millidən uzaqlaşdıran AFFA məmurları, başda özünü vitse-prezident postuna yüksəldən Elxan Məmmədov olmaqla, assosiasiyadan rədd edilməlidir. Bu adamların indiyədək futbolumuzu zorlamasına yardımçı olan yaltaqlara ar olsun! AFFA-nın müsəlləh əsgərləri olmasaydı, indi Mamedov kimi yararsızlar assosiasiyada at oynatmazdı. Əcnəbi ananızı belə ağladır! Nə qədər ki, yığma gəlmələrə tapşırılacaq, bu yöndə iynənin ucu boyda da irəliləyiş olmayacaq!”

Vüsal Mahmudov

“Canni De Byazi bugünədək yığmada xaricdə oynayan futbolçularımızın olmamasından gileylənirdi. İndi isə pis-yaxşı 5-6 legionerimiz var. Amma…

…amma onlardan heç biri start heyətdə deyildi. Nə “Legiya”nın lideri Mahir, nə Anton, nə Ukraynada oynayan Nuriyev, nə də başqaları. Niyə? Çünki onların heç birinin transferində Riad Rəfiyevin rolu olmayıb. Və “Sumqayıt”ın menecer-prezidentinin, onun milliyə gətirib 300 min komision haqqı aldığı Rəfiyevin tapşırıqları De Byazi üçün hər şeydən önəmlidir. İtaliyalı bilir ki, onun taleyini nəticələr yox, Elşad Nəsirovla Elxan Məmmədovun başçılıq etdiyi, Rəfiyevin icraçı olduğu “mütəşəkkil dəstə” həll edir.

De Byazi buna görə meydana Rəfiyevin farslarını – Höccət Haqverdi və Əli Qurbanini, milliləşdirilərək qazanc mənbəyinə çevrilən xorvat Filip Ozobiçi, autsayder olmasına baxmayaraq, AFFA xəttini təmsil edən “Keşlə”dən Azər Salahlını buraxır.

İkinci hissədə meydana legionerlər çıxır və onlar məşqçi tapşırığı olmadan, öz bacarıqları hesabına oyunu dəyişirlər. Bununla belə, “cırtdan”a məğlubiyyət qaçılmaz olur.

Dövlət rəhbərliyi, ölkədə idmanın inkişafına cavabdeh şəxslər, sözüm sizədir: milli maraqlara tüpürüb, yığmanın üstündə oyun quranlarla bağlı tədbir görün. Bunlar futbol oynamır, futbolla, azarkeşlərin əsəbiylə, ölkənin imiciylə, sizin nüfuzunuzla oynayır”.

Rəşad Ergün

“İnsanların vəzifəyə gəlib, elə kresloda da gəbərib gorbagor olduğu Azərbaycanda Elxan Məmmədov niyə AFFA-da tutduğu iki vəzifədən istefa verməlidir ki? Açığı daaa. Şərəf? Hansı məmur, vəzifədə olan hansı adam öz xoşuyla istefa verib ki, Elxan da şərəfi, ləyaqəti dərd edib istefa versin? Sən şərəfi, ləyaqəti boş ver, Elxan müəllim, otur Lüksemburq millisinə “balet” elə, gör nə gözəl oynayırlar, vallah”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button