Aftandil Hacıyev: “Erkən qollar planlarımızı alt-üst etdi”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 5-ci turundan təxirə salınmış oyun çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri matçı şərh edib.

Komanda.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:4 hesabıyla məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Ağır qrafiki bilirdik. Futbolçular üçün də çətindir. Meydan amili də öz sözünü deyir. Paltardəyişmə otağında baxıram ki, 2-3 futbolçuda yüngül zədə var. Oyundan əvvəl planımız nə idisə, erkən qollar bunu alt-üst etdi. İkinci hissədə oyunu dəyişmək imkanımız var idi. Bir qol vursaydıq, bəlkə də, buradan xalla ayrılardıq. Rəqibin də gücünü bilirik, ancaq bu nəticəni gözləmirdim. 0:2 olanda oyunun aqibəti bilinmirdi. 3 və 4-cü qolları fərdi səhvlərdən buraxdıq. 0:2-yə kimi meydandan xal almaq üçün cəhd edirdik. Növbəti oyunlara baxacağıq. Bizi səfərdə “Sumqayıt”la oyun gözləyir. Məşqdən çox futbolçuların bərpası vacibdir.
  • Komandada heyət kasadlığı müşahidə olunur. Qarşıdakı günlərdə transfer gözlənilirmi?
  • Yarımmüdafiədə oynayan bir futbolçu ilə danışıq gedir. Şimali makedoniyalı oyunçudur. Ad çəkmək istəmirəm. Növbəti oyuna kimi heyətimizə yeni futbolçu qoşulacaq. İstədiyimiz futbolçuları tapa bilmirik. Çətin olsa da, çalışacağıq ki, çatışmazlıqları aradan qaldıraq. Ədilxan bu gün oyunun ən yaxşılarından idi. Gələcəkdə ona daha çox şans verəcəyik.
  • Meydan amilindən söz açdız. Nə düşünürsüz bu problemlə bağlı?
  • Bir problem var ki, onu dilə gətirirəm. Artıq bilmirəm nə fikirləşirik. İstəyirik ki, futbolçuları növbəti oyunlara sağ çıxaraq. Düşünürəm ki, gələcəkdə bütün stadionlarda təbii ot örtüklü meydançalar olacaq.
  • Nikolas Hagenin oyunu haqda nə fikirləşirsiz?
  • Tək Hagen yox, bu gün başqa futbolçular da fərdi səhvlər etdi. Yaxın zamanda artıq Kamran Ağayev də oyunlarda şans qazanacaq.
  • “Sumqayıt”la ardıcıl 3 oyun oynayacaqsız…
  • Sona qədər mübarizə aparacağıq. Çempionatda xallar sıxdır, hamının şansı var. Biz də çalışacağıq ki, bu yarışdan qopmayaq.

Şahin Cəfərov