“Artıq Roy Kini milli komandanın baş məşqçi postunda görənlərə demək istəyirəm ki…” – Müsahibə

AFFA-nın vitse-prezidenti, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun Komanda.az saytına müsahibəsi:

  • Vaqif bəy, karantin müddəti iyulun 20-nə qədər uzadıldı və ondan sonrakı vəziyyət də qeyri-müəyyəndir. Klublarımız da gələn ay avorkuboklarda mübarizəyə başlayacaqlar. Onların hazırlıq məsələsi necə olacaq?
  • Məlumatım var, bir ay əvvəldən bildirirdim ki, klublarımız çox ağır vəziyyətə düşür və nə dərəcədə çıxış yolu tapıb-tapmayacaqlar, bilinmir. Bilirsiz, AFFA tərəfindən İşçi Qrupu yaradılır və burda avrokuboklarda mübarizə aparacaq klubların nümayəndə heyəti yer alacaq. Müzakirələr aparılacaq, görək, bu vəziyyətdən necə çıxa bilərik. Vəziyyət tam şəkildə, peşəkarcasına futbolla məşğul olmağa imkan vermir. Yenə deyirəm, birlikdə olub, müzakirələrə başlayıb, çıxış yolunu tapıb, bu problemi həll etməyə çalışacağıq.
  • Bizim klublar uzun müddətdir ki, futboldan uzaq qalıb. Martdan bəri cəmi iki yoxlama oyunu keçiriblər. Ancaq digər ölkələrdə çempionatlar ləğv olunsa belə, klublar məşqlər edir, avrokuboklara hazırlaşır.
  • Bilirik, avqustun 17-18-də “Qarabağ” ilk oyununu keçirəcək. Bu vəziyyəti başa düşürük, yenə deyirəm, çıxış yolunu tapmağa çalışacağıq. Hamımız çox yaxşı başa düşürük ki, belə bir vəziyyətdə komandanı tam hazır vəziyyətə gətirmək çox çətindir. Amma bilirsiz, mən hər zaman deyirdim ki, “Qarabağ” elə bir klubdur ki… Niyə “Qarabağ”dan başlayıram? Ona görə ki, əvvəlcə mübarizəyə başlayan “Qarabağ” olacaq. Bu komandanın ekstremal vəziyyətə düşəndə çıxış yolu tapıb, ölkəmizi layiqli təmsil etmək bacarığı var. Bütün klublarımıza uğurlar arzu edirəm, ancaq həqiqətən, ağır vəziyyətdir. Müzakirələrə başlayıb, çıxış tolu tapmalıyıq. Fikirləşirdik ki, çempionata avrokuboklardan əvvəl başlayaq və beləcə, klublarımız heç deyilsə, 1-2 tur oynasın, qismən də hazır olsun. Görünən odur ki, bunu həyata keçirmək qeyri-mümkün olacaq. Yol axtarıb tapmalıyıq və Operativ Qərargahla da mütəmadi olaraq məsləhətlər aparmalıyıq.
  • “Qarabağ”, “Neftçi” və az da olsa, “Keşlə”nin müəyyən qədər avrokubok təcrübəsi var. Ancaq Avropa Liqasında mübarizə aparacaq “Sumqayıt” bu turnirdə debütantdır. Sizcə, onların taleyi necə olacaq?
  • Biz heç çempionata start verə bilmirik ki, klublarımız bu oyunlarda oynayıb, özlərini sınasınlar. Yenə də bu vəziyyətlərdən çıxış yolu tapmalıyıq. Komandalar üçün nə qədər ağır olsa da, çalışacaqlar ki, ölkəmizi layiqli təmsil etsinlər. Düzdür, “Sumqayıt” ilk dəfə Avropaya ayaq açacaq. Təcrübələri olmasa da, düşünürəm ki, onların kifayət qədər istəkləri olacaq. Düşünürəm ki, çalışacaqlar, elə ilk mərhələdəcə bizi sevindirə bilsinlər. Başa düşürəm, Şahin, vəziyyət çox ağırdır, martdan bəri komandalar peşəkarcasına fəaliyyət göstərə bilmirlər. Nə təlim-məşq toplanışı keçirə bilirlər, nə də yoxlama oyunları oynayırlar. Bunun öz təsiri olacaq. Ancaq yenə üzümü klublara, məşqçilərə, futbolçulara tutub deyirəm ki, nə qədər ağır olsa da, tam güclərini qoyub, avrokuboklarda layiqincə mübarizə aparsınlar. İnanıram ki, ilk uğurlu addım “Qarabağ”dan gələcək, bu da digər klublarımıza motivasiya olacaq.
  • Vaqif bəy, AFFA “Mançester Yunayted”in sabiq futbolçusu Roy Kinə Azərbaycan milli komandasında baş məşqçi olmaq üçün təklif göndərib. İrland mütəxəssis düzgün seçimdirmi?
  • Milli komandanın baş məşqçi postu üçün namizədlərlə danışıqlar bərpa olunub. Əvvəl geniş siyahı vardısa, indi bu, qısalıb. Namizədlərə təkliflər olunub və ilk növbədə onların cavabları gözlənilir. Artıq Roy Kini milli komandanın baş məşqçi postunda görənlərə demək istəyirəm ki, bir neçə namizədlər var və onlarla da müzakirələr gedir. Milli komandanın baş məşqçi postuna layiq olan təyinat alacaq. Namizədləri bir-biriylə müqayisə etmək lazımdır. Bundan əvvəl Robert Prosineçkinin yığmada fəaliyyəti olmaya-olmaya gəldi və burda özünü sübut etdi. Bəlkə, Roy Kin üçün də bu bir şansdır. O, futbolçu kimi də özünü sübut edib. Düşünürəm ki, məşqçi kimi də özünü sübut etməyə çalışacaq. Ancaq bu o demək deyil ki, Kin artıq millinin baş məşqçisidir. Namizədlərin sayı azdır və hər biri ilə danışıqlar gedir. Hər mütəxəssisin Azərbaycan futboluna baxışı vacibdir.
  • Bundan əvvəl Nikola Yurçeviç də ilk dəfə baş məşqçi kimi Azərbaycan millisində işlədi. İndi də Kinin belə bir şansı var. Məgər Azərbaycan milli komandası məşqçilərin özünü baş məşqçi kimi sınaması üçün bir yerdir?
  • Tamamilə razıyam. Bilirsiz, biz hər hansı baş məşqçini gətirib, bir ildən bir dəyişəcəyiksə, bu, bizə lazım deyil. Milli komandanın başında elə biri olmalıdır ki, uğur piramidasını qurub, bizi uğura apara bilsin. Bunun Roy Kin və ya başqası olacağını deyə bilmərəm. Gələcək baş məşqçinin qarşısına tələblər qoyulacaq. Elə biri olmalıdır ki, bizimlə qalsın, bizimlə bir yola çıxsın. Milli komandamız laboratoriya deyil ki, məşqçi gəlib burda ad qazanmaq üçün özünü sınasın. Namizədləri təhlil edib, müzakirələr aparacağıq.
  • Namizədlərin siyahısının qısaldığını dediz. Qısa siyahıda yerli məşqçilərin adı varmı?
  • Bizdə əcnəbi siyahısı var idi. Əcnəbilərin geniş siyahısını qısaltmışıq. Hər zaman müzakirələrdə demişik ki, namizədlər arasında yerlilər də olmalıdır. Hazırda əcnəbi baş məşqçilərlə danışıqlar gedir, onlardan cavablar gözlənilir. Cavab gəldikdən sonra istiqamət seçib, müzakirələrimiz olacaq. İstəməzdim ki, yeni gələn baş məşqçi də müvəqqəti olsun. Uğur piramidasını qurub, pillə-pillə irəliləməliyik.

Şahin Cəfərov