“Sabah”dan Babək, Koroğlu olmağı gözləyənlər

İdentifikasiya – bir obyektin və ya məlumatın kimliyinin müəyyən edilməsi, tanınması prosesidir.
Buna el arasında “ad qoyma” deyirlər. Uşaq doğulanda onun yaxınları ona ad qoymaqla identifikasiyasını da müəyyənləşdirmiş olurlar. Belə bir el məsəli var – “Adı ilə böyüsün”. Yəni, uşağın adının nə olmasından asılı olmayaraq, o adı ucaldan həmin şəxsin davranışları, həyatda qazandığı və qazanmadığı nəticələr, insanlar arasında necə tanınmasıdır. Uşağın adının Babək, ya da Koroğlu olması onun qılıncını sıyıraraq haqq-ədalət uğrunda savaşacağı anlamına gəlmir. Eyni qaydada, nisbətən qeyri-ciddi səslənən hansısa adın sahibinin də eyni şəxsiyyətdə insan olacağı demək deyil.

Yuxarıda fərdlər üçün sadaladığım amillər müxtəlif təşkilatlara – idman klublarına, şirkətlərə, kütləvi informasiya vasitələrinə və digər obyektlərə də şamil edilə bilər.

Son vaxtlar Azərbaycan futbolunda da ad məsələsi ara-sıra müzakirə edilir. Məsələn, “Qarabağ”la “Sabah” arasında çempionluq yarışının qızğın çağında bir nəfər çıxıb bu iki klub arasında gərgin mübarizəni yox, identifikasiyanı əsas götürə bilər. “Sabah”la “Qarabağ”ın çempionluq uğrunda mübarizəsi ilə bağlı bir paylaşımın şərh bölməsində kimsə qəfildən birincilərlə bağlı qayıdıb yaza bilər ki, bu nə addır kluba qoymusuz? Heç hənanın yeridir?

Hələ bir müqayisə var ki, “Qarabağ” millət olaraq, bizim illərlə mübarizə apardığımız bir amalı özündə əks etdirir. Bəli, elədir. Millət olaraq təxminən son 40 ilimiz bu mübarizəyə gedib və çox şükür ki, sonda şanlı zəfərimizlə yekunlaşıb. Amma bu o demək deyil ki, ölkə futbolunda da iddialı bütün klublar “Şuşa”, “Laçın”, “Zəngəzur” və s. adlarla çıxış etsinlər. İnşallah, bu adlarda olmasa belə, gələcəkdə bu şəhər və bölgələri də təmsil edən komandalarımız olar. Amma əsas olan komandanın adı deyil axı. Yaxın keçmişdə aşağı liqada nəyə xidmət etdiyi bəlli olmayan “İrəvan”, “Göyçə” kimi adlarda komandalarımız da olub. Nəticə? Sıfır!

Çünki adın qoyulması hələ ideologiyanın formalaşması deyil. Əsl identifikasiya – ideoloji işlə, məqsədli fəaliyyətlə formalaşır. Əminəm ki, 80 il öncə sosial şəbəkə olsaydı, həmin şəxslər “Neftçi” adı ilə bağlı da müxtəlif polemikalar açacaqdılar. Bu gün isə bu ad ölkə futbolunda klubun göstərdiyi nəticələrdən asılı olmayaraq bir brenddir. Heç kim bu ada yuxarıdan aşağı baxa, onu hansısa siyasi adla dəyişməyi təklif etməyi ağlına belə, gətirməz. Belə də olmalıdır.

Bu gün “Sabah” özü də adı ilə böyüyür. Bu klub yarandığı gündən hər il bir az da inkişaf edir. Təkcə əsas komanda səviyyəsində yox, infrastruktur, akademiya, imic olaraq ən yaxşılar arasında özünə yer edib. Bu gün isə çempionluğun bir addımlığındadır.

Qarabağ toponimini bizə Ağdam təmsilçisi sevdirməyib. Bu ad onsuz da hər bir azərbaycanlının qəlbində özünə yer tapmışdı. “Qarabağ” klubu isə istər sərgilədiyi oyun, istərsə də ölkə daxili və xarici uğurları ilə bu ada layiq olmağı bacardı. “Sabah” isə öz adını özü böyüdür. Elə illər əvvəl “Neftçi”nin etdiyi kimi. Hazırda isə ölkə futbolunun brendi olmaq yolunda inamla addımlayır, hər gün bir az da şaxələnir. Bar verən ağac təki. Sabah bar verəcək ağacı isə baltalamazlar.

Uğur

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button