Maykl Ceksonu öldürməyən, Braziliyaya “donuz qripi”ni gətirməyən “xain” Yazı+Fotolar
Kiçik adamların kiçik sərmayələr edərək böyüməsi və işinin sahibi olmasıdır Amerika yuxusu. Gözəl bir evə, sürətli, son model maşına və mükəmməl həyat yoldaşına sahib olmaq belə xarakterizə edilir filmlərdə. Cənubi Amerika yuxusu isə bundan daha fərqli və gerçəkdir. Braziliyalı kasıb bir uşaq, həyatını sərmayələr edərək qurtaran insanların sayının nə qədər az olduğunu bilir. Buna görə də, onun xəyalı futbolçu olmaq idi. Futbolçu olmağı bacarsa, gözəl evdən, sürətli maşından və mükəmməl həyat yoldaşından daha çoxuna sahib ola bilərdi. Hələ milli komandanın futbolçusu olsa, bütün ölkənin dilində dua olar. Məhz bu, Amerikanın xəyalı deyil, Cənubi Amerikanın xəyalıdır. Romario bu xəyalın ardınca gedən minlərlə braziliyalıdan biridir, amma ən parlaqlarından biri olduğu şübhəsizdir.
“O, bir film qəhrəmanıdır”
Xorxe Valdanonun haqqında “O, bir film qəhrəmanıdır” dediyi “Kiçik” ləqəbli Romarionun milli karyerası ərzində keçirdiyi 70 oyunda 55 qolu var. Dünya çempionatının ən bahalı futbolçusu seçildiyi 1994-cü ildən bu yana hər zaman böyük klublarda oynamadı, amma ən yaxşı şəkildə davam etdi karyerasına. Karyerasında 1000 qol həddinə çatan, bunu üç fərqli çempionatda, həm də dəfələrlə bombardir olaraq əldə edən bir futbolçu olub Romario. “Tanrı məni insanlara qollarımla həzz yaşadım deyə yaradıb” deyən Romario, Hollandiya, İspaniya, Braziliya, ABŞ, Avstraliya və Qətər kimi ölkələri gəzib dolaşsa da, onun üçün hər şey “Olariya”da başlayıb.
Səfil həyatdan dünyaya…
Kasıb bir ailənin uşağı olan Romarionun futbol həyatının ilk dayanacağıdır “Olariya”. Kiçik yaşlarında diqqətləri üzərinə çəkir və 15 yaşı olarkən, “Vasko da Qama”ya keçir. O, burda keçirdiyi 4 ildən sonra əsas komandaya yüksəlməyi bacarır. İlk mövsümdə vurduğu 11 qolla milli komanda məşqçilərinin diqqətini çəkir Romario – topu ayağında çox gözəl saxlaması ilə, onu istədiyi yerə, istədiyi şəkildə, qapının istədiyi bölgəsinə göndərməsi ilə. Onun tezliklə 18 yaşlılardan ibarət milli komandaya cəlb olunması gözlənilirdi, amma çətin, kasıb həyatından doğan bir sıra xarakter problemləri ona mane olur. 1985-ci ildə dünya gənclər çempionatında bu, özünü çox bariz şəkildə göstərir. Təhsilsiz, amma istedadlı futbolçu idi Romario…
Növbəti mövsüm iştirak etdiyi 40 oyunda 30 qol, sonrakı mövsümdə 24 qol. Bu nəticələr böyük Avropa klublarını onun üçün hərəkətə keçməyə məcbur edir. Bundan başqa, ilk dəfə əsas milli komandaya çağırılmasına səbəb olur. 21 yaşında olimpiya milli komandasıyla həm çempion, həm də turnirin bombardiri olur. Yanında da Taffarel, Bebeto, Jorjinyo, Andre Kruz kimi futbolçular.
PSV-nin birbaşa hökumətlə əlaqə yaratmasına səbəb olan futbolçu
1988-ci ildə bir çox klubun diqqətini çəkərkən, daha ciddi və böyük təklif PSV-dən gəlir Romario üçün. Klub rəhbərləri Braziliyaya gedərək, birbaşa dövlət rəsmiləri ilə görüşürlər və dövlətin borcundan 7 milyon dolları ödəməyi təklif edirlər. Beləliklə, həmin dövr üçün yüksək hesab olunan bu məbləğ qarşısında “Vasko da Qama” Romarionun transfer haqqını PSV-yə verir.
İlk mövsümündə Qus Hiddinkin gəlməsi ilə Hollandiya çempionluğunu yaşayır və keçirdiyi 22 oyunda vurduğu 19 qolla öz “performans”ını göstərməyi bacarır. Çempionlar Liqasının yarımfinalında “Real”a vurduğu qollarla diqqətləri üzərinə çəkən Romario, artıq heyətin dəyişilməz üzvünə çevrilmişdi. Mövsümün sonunda Braziliya millisi ilə Amerika çempionatının qalibi olur və milli komandada ilk uğurunu qazanır. Həm də final oyununda vurulan yeganə qolun müəllifi olaraq.
PSV-də keçirdiyi ikinci mövsümündə daha yaxşı nəticəyə imza atdı, 20 oyunda 24 qol vurdu. Amma qol sayı daha çox ola bilərdi, 2,5 aylıq zədələnməsəydi. Həmin mövsüm PSV çempionluq yarışında “Ayaks”a məğlub oldu.
“Meydana daxil olanda nə edəcəyimi bilirəmsə, niyə məşq edim ki?”
Yeni mövsümdə Hiddinklə yollarını ayıran PSV, baş məşqçi postuna Bobbi Robsonu gətirir. Romario mövsüm ərzində 25 oyun keçirir və 25 qol vuraraq, ardıcıl üçüncü dəfə bombardir adını qazanır. Amma buna baxmayaraq, onun baş məşqçi Robsonla münasibəti heç də yolunda getmirdi. Səbəb isə mövsümöncəsi hazırlıq zamanı komandanın düşərgəsinə qatılmaması, tez-tez barlarda əylənməsi idi. O, bununla bağlı verdiyi açıqlamaların birində, “Meydana daxil olanda nə edəcəyimi bilirəmsə, niyə məşq edim ki?” demişdi.
İspaniyada da bombardir oldu
Onun baş məşqçiylə problemi uzun çəkmədi, çünki Robson 1992-ci ildə “Sportinq”in “sükanı arxasına” keçdi. Burda keçirdiyi beş mövsüm ərzində ümumilikdə 150 qol vurmuş və üç çempionluq yaşamış futbolçunun növbəti “elçi”si “Barselona” idi. Onsuz da intizamsızlığı səbəbiylə rəhbərliklə münasibəti pozulan “Kiçik”in komandadan ayrılması, ən düzgün olanı idi. Belə də olur və Romario 1993-1994-cü il mövsümündə 4 milyon dollar qarşılığında Kataloniya klubuna keçir. Dünyanın ən yaxşı hücumçusunu bu qiymətə almaq “Barselona”nın ürəyincə olur. Start heyətinin dəyişməz ismi olan Romario, komandasıyla birgə Çempionlar Liqasının finalına vəsiqə qazanır. Amma həmin mövsümün “xəyalların komandası” olaraq dəyərləndirilən “Barselona” finalda “Milan”a 0:4 hesabı ilə məğlub olur. La Liqada çempion olan katalonların əsas qol silahı idi Romario, keçirdiyi 33 oyunda vurduğu 30 qolla. Beləliklə, o, bu dəfə İspaniyada bombardirlik yaşadı. Növbəti hədəf isə milli komandayla uğur qazanmaq idi.
“Tanıdığım ən tənbəl futbolçudur”
Amma o, 1992-ci ilin dekabrında milli komandaya dəvət almır, səbəb isə baş məşqçi Perreyra ilə söz savaşına çıxması idi. “Tanıdığım ən tənbəl futbolçudur” demişdi Perreyra onun haqqında. Medianın, Braziliya Futbol Federasiyasının israrından və Romarionun üzr istəməsindən sonra Perreyra onu uzun müddət sonra milli komandaya çağırdı. Həmin ərəfədə atasının qaçırılması onun üçün növbəti problemi yaradır. Məsələnin daha pis tərəfi, pulsuz qaldığı üçün atasını özünün qaçırtdığı iddialarının gündəmi zəbt etməsi olur. Romario psixoloji baxımdan pis vəziyyətdə olsa da, dünya çempionatına qatılır və komandası final oyununda İtaliya millisini penaltilər seriyasında məğlub edərək, çempion olur. O isə dünyanın ən yaxşı futbolçusu adını alır.
Kroyffun gözündən düşən bombardir
Bu böyük uğurun ardından Romario uzun müddət kənara çəkilir. Çempionluq mərasimləri və tətillər bitdikdən sonra “Barselona”nın düşərgəsinə qayıdan Romario, əvvəlki “performans”ının yarısını belə, əldə edə bilmir. Getdikcə Yohan Kroyffun da gözündən düşməyə başlayır. Baş məşqçisi ondan topu özündə daha az saxlamağı və fərdi oyuna daha az üstünlük verməsini istəyirdi. Romarionun isə bu tapşırığa əməl etmək fikri yox idi. İkinci mövsümdə gözündən və dizindən aldığı zədələr səbəbi ilə çempionatın ilk yarısında cəmi 13 oyun keçirir və 4 qolla yadda qalır. Mövsümün ilk yarısı bitəndə – yanvar ayında “Barselona” onunla yollarını ayırır. 1995-ci ildə ölkəsinə qayıdan Romario, “Flamenqo”ya transfer olunur və burda keçirdiyi ilk mövsümündə 37 oyunda 33 qol vurur. Gəldiyi ilk gündən komandanı qarışdırmış və “10 nömrə” davasına səbəb olmuşdu. Ona verilən 10 nömrəli formanı Zikoya hörmət əlaməti olaraq geyinmədi və başqa futbolçuların da geyinməsinə mane oldu.
Unitaza çəkilən karikatura
1996-cı ildə “Flamenqo”nun heyətində keçirdiyi 22 oyunda 26 qol vuraraq, əsl Romarionu göstərdi. Bu ərəfədə İspaniyanın “Valensiya” klubu onu transfer etmək üçün hərəkətə keçdi və sonunda imzalar atıldı. O, bu klubda sadəcə 5 oyun keçirdi və 4 qolla yadda qaldı. Yeni klubunda da xasiyyətindən əl çəkməyən Romario, baş məşqçi Luis Araqoneslə problem yaşadı. Səbəblər yenə eyni idi: gecə həyatı, tənbəl olması və s. Bunun nəticəsində heyətdən uzaqlaşdırıldı və Braziliyaya qayıtdı. “Flamenqo”ya qayıdan futbolçu, keçirdiyi 23 oyunda 21 qol vurdu. “Kiçik”, Braziliya millisi ilə Amerika çempionatının və Konfederasiyalar Kubokunun qalibi olmağı da bacarır. Bundan başqa, Konfederasiyalar Kubokunda vurduğu 7 qolla bombardir olur. Bunun nəticəsində “Valensiya” onu yenidən transfer etdi, üstəlik, baş məşqçi Luis Araqones komandadan ayrılmışdı. Buna baxmayaraq, o, yenə də bu klubda istədiyi mühiti tapa bilmir və yenidən “Flamenqo”ya qayıdır. Və 28 oyunda vurduğu 24 qolla yenidən diqqətləri üzərinə çəkir. May ayında yaşadığı zədə səbəbi ilə milli komandaya çağırılmır. Zədəsinin sağaldığını desə də, milli komandanın baş məşqçisi Zaqallo onu komandaya çağırmadı. Bu vəziyyət onun Zaqallo ilə məhkəməlik olmasına gətirib çıxardı. Baş məşqçiyə əsəbiləşən Romario, onun karikaturasını unitaza çəkdirmişdi. Bununla kifayətlənməyən futbolçu, öz imzasını da ora əlavə etmişdi. Üstəlik, Zaqalloya dəstək verən Ziko da karikaturada yer alırdı. Onu məhkəməyə verən Zaqallo ilə Ziko bu məhkəmədə qalib gəlirlər və Romario üçün milli komandanın qapıları birdəfəlik bağlanır.
Gecə klubu və qovulma
1999-cu ildə keçirdiyi 39 oyunda 29 qol vurur və adı “İnter”, “Latsio”, “Ayaks”, “Fənərbaxça” kimi klublarla yanaşı çəkilir. Amma “Yuventude”yə 1:3 hesabı ilə məğlub olduqları oyunda sonra gecə klublarından birində qaldığı üçün komandadan qovulur.
Skolari onu bağışlamadı
2000-ci ildə o, ilk klubu olan “Vasko da Qama”ya qayıdır. Burda keçirdiyi ilk mövsümündə 44 oyunda 39 qol vurmağı və komandasını Braziliya çempionu etməyi bacarır. 2001-ci ildə 27 oyunda 34 qol, 2002-ci ildə isə 32 oyunda 23 qol vurur. Brazliya millisinin baş məşqçisi olan Skolari onu yenidən yığmaya dəvət edir, amma Romario göz əməliyyatı keçirəcəyini deyir. Buna baxmayaraq, klubu ilə oyunlarda iştirak edir və sonra da tətilə gedir. Yenidən federasiyanın, mətbuatın israrları oldu və Romario üzr istədi, amma onun işi bu dəfə çətin idi. Skolari onu bağışlamadı və Braziliya millisi 2002-ci ildə dünya çempionatını qazanarkən, o, bunu televizordan izləməyə məcbur oldu.
Azarkeşi döydü, “səfər oyunlarına getmək istəmirəm” dedi
“Fluminense”, “Mayami”, “Vasko da Qama” kimi klublarda 6 ilini keçirdi. “Fluminense”də oynadığı zaman bir azarkeşi döydü, “Vasko da Qama” rəhbərliyinə “səfər oyunlarına getmək istəmirəm” dediyi vaxt isə 40 yaş var idi. 2008-ci ilin fevralında karyerasında 1000 qol həddinə çatmışdı və bununla da, futbolçu karyerasını bitirdi.
Romario böyük futbolçu olduğu üçün, hər zaman etdikləri bağışlanan insanlardan oldu. Baş məşqçiləriylə etdiyi davalarına, hörmətsizliklərinə, gecə həyatına məhz istedadına görə göz yumulurdu. “Maykl Ceksonu öldürməsəm də, Rio-de Janeyroya “donuz qripi”ni mən gətirməsəm də, heç kimi qarət etməsəm də, yenə də Braziliyanın ən xain insanı olaraq göstərilirəm” deyirdi bu istedadlı futbolçu…
Aygül Qarayeva
Bizi Facebook-da izləyin