PFL açıqladı: Koronavirus testinin nəticəsi müsbət çıxarsa…

Peşəkar Futbol Liqası koronavirus səbəbiylə dayandırılmış Azərbaycan Premyer Liqasının cari mövsümünün Əsasnaməsinə əlavələr edib.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, dəyişikliyə görə, Premyer Liqa oyunlarında 5 əvəzetmə qaydası təsdiqlənib.

Hər komanda matç ərzində maksimum 5 oyunçu dəyişikliyi edə biləcək. Oyunun gedişatına mənfi təsir etməmək məqsədi ilə hər komandaya oyun ərzində maksimum 3 dəfə oyunçu dəyişikliyi etməyə icazə veriləcək.

Komandalar fasilədə də dəyişiklik edə bilərlər (bu, 3 dəfə nəzərdə tutulan limitə daxil deyil). 

Hər iki komanda eyni vaxtda dəyişiklik edirsə, bu, onların hər birinin 3 dəfə dəyişiklik etmək limitindən çıxılacaq.

İstifadə edilməyən oyunçu dəyişiklikləri (5) və dəyişiklik limitləri (3) əlavə edilmiş vaxta (“extra-time”) daşınacaq. Oyunun keçirildiyi cari yarış qaydalarına əsasən, oyun əlavə edilmiş vaxta gedərkən (2 hissədən ibarət əlavə vaxt), komandalara bir əlavə dəyişiklik haqqı verilirsə, bu zaman hər iki komanda üçün əlavə 1 oyunçu dəyişikliyi hüququ və 1 dəyişiklik etmək şansı yaranacaq (oyun ərzində 5 oyunçu və 3 dəfə dəyişiklik etmək haqqından istifadə edib-etməməsindən asılı olmayaraq).

Komandaların əlavə hissələr başlamadan əvvəl və hər iki hissə arasındakı fasilədə etdiyi dəyişikliklər onlara verilmiş dəyişiklik etmək limitindən çıxılmayacaq (3+1).

Azərbaycan kubokunun yarımfinal və final oyunu əlavə vaxta gedərsə, klublar əlavə vaxtda sayca 6-cı dəyişikliklərini həyata keçirə bilərlər. Əsas vaxtda istifadə olunmamış əvəzləmələr əlavə vaxtda daşınır.

Bundan başqa, futbolçulardan, hakimlərdən və digər üzvlərdən götürülən testlərdə müsbət nəticə aşkarlanacağı halda, görüləcək tədbirlər də məlum olub. Belə bir hadisə baş verərsə, bu zaman daha üst qurumların tələb və tövsiyələrinə uyğun olaraq qərarlar qəbul olunacaq.

Bundan əlavə, hər oyundan əvvəl AFFA nümayəndəsinin rəhbərliyi ilə keçirilən iclasda mütləq şəkildə COVID-19-la bağlı danışılmalı və təlimata uyğun fikirlər bildirilməlidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button