“Canlı oyun olsun deyə, hətta Nikaraqua çempionatını da izləyirəm” – Müsahibə

Koronavirus pandemiyası səbəbindən artıq Avropanın bir çox klubları maliyyə sıxıntısı yaşayır. Bəzi klublar da müflisləşmək üzrədir. Buna səbəb virusa görə futbol yarışlarının dayandırılması və klubların gəlir əldə edə bilməməsidir. Klubların maliyyə böhranıyla yanaşı, futbolçuların da transfer dəyərlərinin düşəcəyi ehtimal olunur.

Bəs koronavirus pandemiyası Azərbaycan Premyer Liqası klublarına və futbolçuların transfer dəyərlərinə hansı təsiri göstərəcək? Bu və digər məsələlərlə bağlı futbol meneceri Vaqif Heydərliylə danışdıq:

  • Vaqif bəy, karantin müddətini necə keçirirsiz?
  • Bu vəziyyətlə bağlı evdə oluram. Vaxtımın çoxunu uşaqlarla keçirirəm. Yeni məşğuliyyətlər tapmağa çalışırıq. İnsan evdə çox olanda daha çox yemək yeyir. Bunlara diqqət edirik ki, daha çox çəki almayaq. İş vaxtı bu qədər zamanımız olmur. İndi vaxt olduqca mütaliə edirik, yarımçıq qalan işləri bitirməyə çalışırıq. Vaxt qalırsa da, bəzi filmlərə baxıram. Futbolsuzluq çox çətindir. Kənarda olanlar üçün keçmişdə oynanılan oyunlara baxmaq maraqlı ola bilər. Ancaq mən futbolun içindəyəm deyə, bunlar mənim üçün böyük maraq kəsb etmir. Dünyada davam edən çempionatları izləyirəm. Belarus çempionatına baxmaq məcburiyyətindəyik, demək olar bütün oyunlarını izləyirəm. Sizə deyə bilərəm ki, canlı oyun olsun deyə, hətta Nikaraqua çempionatını da izləyirəm. Onların güclülər dəstəsini, U-20-sini izləyirəm. Çalışırıq ki, bu dövrü maksimum az psixoloji təsirlə keçirək. Amma nə edək, tək bizim üçün belə deyil, bütün dünyada belədir. Günümün əsas hissəsini evdə keçirirəm. Gündəlik tələbatlara görə çölə çıxıram.
  • Koronavirusa görə bir çox Avropa klubları maliyyə böhranıyla üz-üzədir, bəziləri hətta müflisləşə bilər. Bu pandemiya dövrü bizim Premyer Liqa klublarına necə təsir edəcək?
  • Düzdür, Avropa klublarına təsiri çoxdur. Ancaq bunun bizim klublara elə də ciddi təsir edəcəyini düşünmürəm. Çünki bizdə oyunlardan gəlir edən klublar yoxdur – istər televiziya olsun, istər bilet satışı. Bizim klubların əksəriyyətinin bəlli maliyyə mənbəyi var ki, onlardan təmin olunur. Müəyyən çatışmazlıq ola bilər, ancaq böyük problemlər olacağını düşünmürəm.
  • Bəs futbolçuların transfer dəyərlərinə hansı təsiri ola bilər?
  • Futbol elə bir idman növüdür ki, onun üçün hamı darıxır. Hər kəs düşünür ki, koronavirusun transfer qiymətlərinə müəyyən təsiri olacaq. Amma oyunlar başlayanda bunlar qısa zamanda unudulacaq, hər şey əvvəlki ritminə qayıdacaq. İnanmıram ki, o qədər də təsiri olar. Bizdə klubların transferləri onsuz da azad agent kimi futbolçularla olur. Azad agent olan futbolçular müqavilə imzalayır. Pandemiyanın bizim futbolçuların qiymətlərinə o qədər də təsir edəcəyini düşünmürəm.
  • Xarici klublarda bəzi legionerlər komandalarını tərk edir, ölkədən ayrılmaq istəyir. Premyer Liqa klublarındakı legionerlərin də belə bir addım atacağını düşünürsüzmü?
  • Düzdür, Avropa ölkələrində az da olsa, var. Ancaq bizdə belə bir situasiyanın olacağını düşünmürəm. Bizim ölkədə vəziyyət digərlərindəki kimi acınacaqlı deyil. Əvvəlcədən alınmış tədbirlərə görə vəziyyət çox ciddi deyil. Nadirən, hə, 1-2 legioner ola bilər ki, ayrılmaq istəsin. Lakin ümumilikdə legionerlərin ölkədən ayrılması inandırıcı görünmür.
  • Sizin meneceri olduğunuz futbolçulardan ölkə xaricində çıxış edənlər var. Onların durumları nə yerdədir?
  • Fərid Nəbiyevlə Samir Qurbanov hazırda Praqadadır. Klubların nəzarəti ilə onlayn məşqlərini davam etdirirlər. Hətta yaxın günlərdə məşqlərini kollektiv şəkildə bərpa edəcəklər. Məndə olan son məlumat belədir. Kamran Quliyevin iştirak etdiyi Litva çempionatında fasilə dövrüdür. Gediş-gəliş problem olduğu üçün hələ burdadır. Formada qalmaq üçün məşqlər edir. Vəziyyət düzəldikdən sonra o da komandasına qoşulacaq.
  • Bəs pandemiyadan əvvəlki dövrdə karyera baxımından vəziyyətləri necə idi? Fərid Nəbiyev “Slaviya”dan ayrılaraq, Çexiyanın 2-ci liqa klubuna keçdi. Bu qərarı nəylə bağlı idi?
  • Problem olmadı. Fəridə 6 ay lazım idi ki, özünü göstərsin. “Slaviya”da bombardir oldu. “Slaviya” iddiaları güclü klubdur. Hazır futbolçular aldılar, Çindən sponsorları gəldi. Avrokuboklarda mübarizə aparırlar. Çempionlar Liqasında çox yaxşı oyun sərgiləyirdilər. Heyətlərinin əksəri legionerlərdir. Nəinki gənclərə, heç yerli futbolçulara da çox şans vermədilər. Fərid də artıq peşəkar komandada özünü göstərməli idi. Yüksək Liqa deyil, ikinci liqa klubunu seçməsinin səbəbi o idi ki, B komandasında güclülər dəstəsinə keçid çətin olacaqdı. Oyun təcrübəsi baxımından uğurlu olmaya bilərdi. Ona görə, ikinci liqadakı iddialı klublardan birinə keçdi. Qısa zaman keçməsinə baxmayaraq, uyğunlaşma dövrünü yaxşı keçdi. Məşqçiləri də ona inanır. Artıq komandasının əsas oyunçularındadır. İnanıram ki, özünü yaxşı göstərib, güclülər dəstəsinə keçəcək.
  • Azərbaycan Premyer Liqasında mübarizə aparan futbolçuların da menecerliyini edirsiz. Müştəriniz olan Amin Seydiyevin adı bir müddət əvvəl “Qarabağ” və “Neftçi”ylə hallanırdı. Bu iddialar nə dərəcə düzgündür?
  • Premyer Liqada oyunçular var. İndi hamısının adını çəkmək nə dərəcədə düz olar, bilmirəm. Ozan Can Kökcü, Bəhlul Mustafazadə, Amin Seydiyev var. Onlar da əsasən milli komandanın oyunçularıdır. Adlarının bəzi klublarla hallanması normaldır. Xəbərlər bəzən reallığı əks etdirir, bəzən də yox. Onların başqa kluba keçidi məsələsini ilk növbədə müqaviləli olduğu komandalar bilir. Ondan sonra bizim də xəbərimiz olur. Birlikdə bu məsələlərə baxırıq. Ancaq bu gün nə Amin Seydiyev, nə də digərləriylə bağlı belə məsələlər var. Həm də, bu dəqiqə vəziyyət elədir ki, hansısa real transferdən danışaq. Nəsə olsa, məlumatımız olacaq.
  • Belarus çempionatını izlədiyinizi dediz. Orda xüsusilə diqqətinizi çəkən və bizim klublara məsləhət biləcəyiniz futbolçular varmı?
  • Belarus çempionatını əslində əvvəllər də izləyirdim. Amma son dövrdə həm məcburiyyətdən, həm də yaranmış vəziyyətə görə çox izləyirəm. Əvvəldən diqqətimdə olan oyunçular da var, yeni qoşulanlar da. Onların klublarındakı müqavilələri fərqlidir, bizim çempionatla üst-üstə düşmür. Ancaq diqqətimdə olan futbolçular var. Yay transfer pəncərəsi dövründə onlarla bağlı klublarımıza təkliflərim olacaq, ən azından cəhd edəcəm. Nə dərəcədə alınacağını zaman göstərəcək.
  • Belarus çempionatı ilə Azərbaycan Premyer Liqasını müqayisə etsəz, nə kimi fərqləri deyə bilərsiz?
  • Mən deyərdim ki, bizim çempionat daha texnikalıdır. Məsələn, belə müqayisə edək də, Ukraynada daha çox fiziki futbola üstünlük verirlər, bizdə isə texnikaya. Belarus bunların ortasında bir şeydir. Amma bununla belə, əsas prioritetləri güc futboludur. Fiziki hazırlığa çox diqqət yetirirlər. Müasir dövrdə texniki cəhətdən fərqlənməyən çempionat yoxdur. Onlarda bizlə müqayisədə daha çox fiziki – güc futboluna üstünlük verilir. Bu fərqi deyə bilərəm.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button