“Bizə tapşırılıb ki, təcili bir səbəb olmadıqda çölə çıxmayaq” – Müsahibə
“Zirə”nin legioneri Alvaro Ampuero müsahibə verib.
Komanda.az “estadiodeportivo.com” saytına istinadən xəbər verir ki, perulu müdafiəçi koronavirus pandemiyasının Azərbaycanda yayılması haqda da danışıb:
- Azərbaycan dünyada koronavirusa görə əsas diqqət mərkəzində olan İranla sərhəddir. Sizcə, yoluxmaya səbəb bu oldu və ya tez zamanda tədbirlər alındığını düşünürsüz?
- Mənə elə gəlir ki, ilk yoluxanlar İrandan buraya gəldi. O ölkə ilə çox yaxınıq. Sürətli tədbirlər görüldü. Hava limanları və sərhədlər bağlandı. Ancaq insanların müxtəlif yerlərdən gəldiyi və virusu yaydığı günlər oldu.
- Hökumət hansı məhdudiyyətləri qoyub?
- Xəbərlərin çoxunu klubumdan eşidirəm. Bizə tapşırılıb ki, təcili bir səbəb olmadıqda çölə çıxmayaq. Çünki cərimə tətbiq ediləcək, ya da həmin şəxsi evə göndərəcəklər. Hər halda, mən yalnız alış-verişə çıxıram və demək olar ki, hər şey bağlıdır.
- Komanda necə məşq edir?
- 20 gün əvvəl son dəfə komanda ilə hazırlıq keçdik. Səhv etmirəmsə, cümə günü idi və iki gün sonra matçımız var idi. Eyni cümə virusun böyüdüyü üçün həmin oyuna çıxmayacağımızı söylədilər. Ondan sonra hər şey təxirə salındı. Evdə edəcəyimiz bir iş planımız var və bacardığımızı edirik.
- Böyük idman tədbirləri də ləğv olunub. Bunlardan biri də Formula 1 üzrə Azərbaycan qran-prisidir. Bu necə oldu?
- Formula 1 ən vacib hadisələrdəndir. Ancaq indi burada demək olar ki, heç bir şey edilə bilməz və buna əməl etməlisiniz. Əvvəl virusa yoluxanların sayı çox deyildi. Amma bir anda böyüməyə başladı. Əvvəlcə mövzuya sərt yanaşmadılar, bu, mənə qəribə gəlirdi. Deyəsən, indi nələrsə edilir.
- Təxirə salınan digər idman yarışı Avropa çempionatıdır. Bakı ev sahiblərindən biri idi. Bunun keçiriləcəyinə ümid var idi?
- Buradakı insanlar futbolu çox sevirlər. Qısa müddətdə gördüm ki, “Qarabağ” kimi komandaların vacib oyunları olanda, insanlar bu komandanın azarkeşi olmasa da, matçları izləmək üçün stadionlara getməyi sevirlər. Avropa çempionatı üçün gözləntilərinin olduğunu bilirəm. Amma bu il vəziyyət bir az qarışıqdır, indiyə qədər qeyri-müəyyənlik var.
- Azərbaycan Premyer Liqası təxirə salındı. Qayıdacağını düşünürsən?
- İndi hər şey çox qarışıqdır. Ən azından qərar verilibsə və ya nəsə düşünürlərsə, bizə bir şey bildirməyiblər. Çempionatda çox oyunumuz qalmayıb. Çünki liqada 8 komanda var və son bir dövrə qalıb. Vəziyyətin necə olacağını bilmək üçün hadisələrin necə irəlilədiyini görməliyik.
- Çempionatın davam etməsi sizin komanda üçün önəmlidir? Avrokuboklar üçün mübarizə aparırsız…
- Bəli. Avrokuboklara gedə bilərik, ölkə kubokunun yarımfinalındayıq. Oynaya bilsəydik, bizim maraqlarımıza uyğun olardı. Ancaq indi dürüst olmaq lazımdır. İndi hər kəs sağlamlıq haqda düşünür. Futbol bir az arxa plana keçib, amma oynasaq və şərait olsa, bizim üçün yaxşı olar, çünki mübarizə aparırıq.
- Orada qazandığınız təcrübə necədir?
- Çox yaxşıdır, keçən ilin avqustunda buraya gəldim. Mənim nə ölkə, nə də futbol haqqında məlumatım var idi, amma yaxşı mənada təəccübləndim. Mən həqiqətən Bakını çox sevirəm, sakit yerdir. Həm də futbol mövzusunda liqası da yaxşıdır. Sevinirəm ki, yaxşı bir komandaya qoşulmuşam.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin