“Mourinyo mənə “çünki bu həftəsonu zibil idin” dedi”
İngiltərənin “Çelsi” klubunun futbolçusu Kurt Zuma keçmiş baş məşqçisi Joze Mourinyo haqqında danışıb.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi, hazırda “Tottenhem”i çalışdıran portuqaliyalı mütəxəssislə bağlı bunları deyib:
“Hansı oyun olduğunu xatırlamıram, amma səfərdə 1:3 hesabıyla məğlub olmuşduq. Növbəti gün Mourinyo mənimlə görüşüb, otağına apardı. Mənim yaxşı olub-olmadığımı soruşdu. Yaxşı olduğumu dedim, bu dəfə də “əminsən” deyə, sual verdi. Yenə təsdiqlədim. Səbəbini soruşanda, Mourinyo mənə “çünki bu həftəsonu zibil idin” dedi. Bu sözlər məni şoka saldı. Mourinyonun cavabını meydanda vermək istəyirdim. Bunların məni incitdiyini, təsir etdiyini xatırlayıram.
Mourinyo qələbələri sevən biridir, qalib gəlmək üçün bütün vasitələrdən istifadə edir. “Çelsi”yə 19 yaşımda gəldim və o, mənə oynamaq şansı verdi. Başqalarının nə düşündüyünü bilmirəm, hər kəsin öz fikri var. Amma Mourinyonun gənc futbolçulara şans vermədiyi ilə bağlı fikirlərlə razılaşmıram”.
Bizi Facebook-da izləyin