Azərbaycan millisinin baş məşqçisi kim olsun? – Tanınmış futbol fanatları danışır
AÇ-2020-nin seçmə mərhələsindən sonra Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç vəzifəsindən göndərildi. Seçmə mərhələdə millinin 1 xal qazanmasında günahkar bilinən xorvatiyalı mütəxəssisinin istefasından sonra baş məşqçi postu boşdur. Bu vəzifəyə təyinatla bağlı müxtəlif fikirlər, variantlar səslənsə də, hələ ki, rəsmi seçim yoxdur. Milliyə təyinatla bağlı insanların bir qismi yerli, digər qismi isə əcnəbi mütəxəssisin təyinatının uğurlu olacağını hesab edir. Bəs azarkeşlər nə düşünürlər? Fikirlərini öyrənmək üçün bir neçə tanınmış futbol fanatına müraciət etdik:
İlqar Həmzəyev: “Fikrimcə, millinin baş məşqçisi yerli mütəxəssis olmalıdır. Mənim namizədim Tərlan Əhmədovdur. Düşünürəm ki, milliyə təyin olunacaq məşqçidən nəticə tələb olunmamalıdır. Çünki yerli mütəxəssis də gəlsə, əcnəbi də gəlsə, bizim futbolçularımız Avropanın aparıcı çemponatlarında oynamır deyə, bizdə nəticə olmayacaq. Biz nə Avropa çempionatına, nə də dünya çempionatına vəsiqə qazana biləcəyik. AFFA-nın boşuna pul xərcləyib, əcnəbi mütəxəssis gətirməsi ilə deyil, milli uğur qazana bilməyəcək. Mən özüm də əcnəbi mütəxəssisin tərəfdarı olmuşam. Sadəcə indi vəziyyət elədir ki, futbolçu qıtlığı var və heç bir nəticə əldə edə bilməyəcəyik. “Sabah” klubunda, eyni zamanda digər komandalarda futbolçu yetişdirilməsi ilə bağlı işlər gedir. Nə vaxt bizdə futbolçu yetişər, xarici çempionatlarda oynayar, ondan sonra əcnəbi mütəxəssis dəvət etmək olar.
O ki qaldı Tərlan Əhmədovu seçməyimə, bu posta “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovu da namizəd göstərərdim. Sadəcə hazırda Ayxan açıq futbol oynadır. Onun oynatdığı futbol Azərbaycan çempionatına uyğundur. Abbasov bu futbolu milliyə oynatsa, bizdə müdafiədə boşluqlar olacaq və böyükhesablı məğlubiyyətlər ala bilərik. Milliyə Tərlan Əhmədov kimi məşqçilər lazımdır ki, yığmanın keçmiş baş məşqçisi Berti Foqts kimi, komandanı müdafiədən oynatsın. Ayxan Abbasov müasir futbol oynadır, amma millidə futbolçularımız hücumdan müdafiəyə çatdıra bilməyəcəklər. Ona görə də, Tərlan Əhmədovun üzərində dayanaram. Üstəlik, ondan millidə nəticə tələb olunmamalıdır. Təbii ki, azarkeşlər nəticə tələb edə bilər. Çempionatdakı legioner limitini götürüb, “Qarabağ”, “Neftçi”, “Qəbələ”, “Sabah” klublarına legioner gətirməyə icazə verilsin. Çempionatdakı klubların sayı artırılsın. Azarkeşlərin tələb etdiyi uğur isə sözügedən klubların avrokuboklardakı çıxışı ilə qazanılsın. 5-10 il klub səviyyəsində uğur qazanaq, ona kimi də futbolçu yetişdirməyə köklənək”.
Ceyhun Əzizli: “Milliyə kim gəlir gəlsin, baş katib Elxan Məmmədovla heç kim yola gedə bilməz. Yığmaya Joze Mourinyo gəlsə belə, millini bu uçurumdan heç vaxt çıxara bilməz. Bu, yığmanın baş məşqçi problemi deyil, problem federasiyadadır. Milliyə kimin gəlməyindən asılı olmayaraq, təyin olunan mütəxəssis uğursuz olacaq. Əcnəbi, ya yerli baş məşqçinin gəlməsinin də bir fərqi yoxdur”.
Sevinc Məmmədova: “Əslində, milli komanda xeyli müddətdir ki, məni maraqlandırmır. Millinin “sükanı arxasına” kimi gətirmələrindən asılı olmayaraq, yığma mənim vecimə olmayacaq, çünki çox haqsızlıq olur. İş görən mütəxəssislərə inanmaq istəmirlər, mən də səriştəsiz milliyə inanmaq istəmirəm. Milli ölkəmizi təmsil edir, o başqa məsələ. Amma nəticələriylə maraqlanmaq, kimi seçdiklərini düşünmək mənlik deyil. Artıq nə olur-olsun, milliyə reaksiyam 0-dır. Məsələn, Qurban Qurbanovu gətirdilər, 6 il də vaxt verdilər, amma Millətlər Liqasındakı uğursuzluqdan sonra vəzifəsindən göndərdilər. Ona görə də, başa düşdüm ki, ordakılar işləmək istəmirlər, mən də oyunlarını izləmək istəmirəm. Nə oyunlarına baxıram, nə maraqlanıram. İstəyirlər Yurgen Kloppu gətirsinlər, yenə mənim üçün fərqi olmaz. Nə vaxta qədər ki, köklü dəyişiklik olmayıb, məşqçi dəyişikliyinin mənim üçün əhəmiyyəti olmayacaq”.
Şamil Mustafayev: “Nəzərə alsaq ki, millidə nəsil dəyişikliyi baş verir, gələcək məşqçinin fəlsəfəsi vacibdir. Robert Prosineçki kimi əcnəbi tapa biliriksə, əcnəbi məşqçi olsun. Yox, tapa bilməriksə, yerli məşqçi olsun, çünki yerli futbolçuların psixologiyasını əksər hallarda əcnəbi mütəxəssislər bilmir”.
Aygül Qarayeva
Bizi Facebook-da izləyin