Afrikada ilin ən yaxşıları bəlli oldu
Afrikada 2019-cu ilin ən yaxşıları müəyyənləşib.
Komanda.az xəbər verir ki, Seneqal yığmasının və İngiltərənin “Liverpul” klubunun hücumçusu Sadio Mane geridə qalan ilin ən yaxşı afrikalı futbolçusu seçilib.
Maraqlıdı ki, son iki ildə bu mükafatı Manenin “Liverpul”dakı komanda yoldaşı, Misir yığmasının hücumçusu Məhəmməd Salah qazanırdı.
Madrid “Real”ının mərakeşli müdafiəçisi, icarə əsasında Dortmund “Borussiya”sında forma geyinən Əşrəf Hakimi Afrikada ilin ən yaxşı gənc futbolçusu seçilib. Mərakeş yığmasının 21 yaşlı futbolçusu bu mövsüm Almaniya klubunda 26 oyunun iştirakçısı olub.
Afrikada 2019-cu ildə vurulmuş ən yaxşı qol da müəyyənləşib. Belə ki, “Mançester Siti”nin formasını geyinən Əlcəzair yığmasının yarımmüdafiəçisi Riyad Mahrezin Afrika Millətlər Kubokunun yarımfinalında Seneqala (2:1) vurduğu qol ən yaxşı seçilib. Hansı ki, həmin qol həm də bu oyunun yekun nəticəsini müəyyənləşdirmişdi.
Afrikada 2019-cu ilin simvolik komandasına isə bu futbolçuların adları daxil edilib:
Andre Onana (Ayaks), Serj Orye (Tottenhem), Joel Matip (Liverpul), Xalidu Kulibali (Napoli), Əşrəf Hakimi (Real), İdrissa Qeye (PSJ), Riyad Mahrez (Mançester Siti), Hakim Ziyex (Ayaks), Məhəmməd Salah (Liverpul), Pyer-Emerik Obameyanq (Arsenal), Sadio Mane (Liverpul).
Bizi Facebook-da izləyin