“AFFA-dan “Qəbələ”yə dəstək olmadı” – Klub prezidenti
“Qəbələ” İdman Klubu ilə “Jalə” Şirələri arasında sponsorluq müqaviləsi imzalandığını xəbər vermişdik.
Komanda.az xəbər verir ki, klubun prezidenti Fariz Nəcəfov bu gün təşkil olunan mətbuat konfransında əməkdaşlıqla bağlı fikirlərini bildirib:
“Son üç ayda klubun ətrafında büdcə ilə bağlı müəyyən söhbətlər dolaşırdı. Bu məsələ çox müzakirə olundu. Diqqətinizə çatdırmaq istəyirəm ki, deyilənlər müəyyən mənada həqiqəti əks etdirirdi. “Gilan” “Qəbələ”nin təsisçisi idi və uzun müddət idi ki, sponsorlarımızdan biri idi. Büdcə ilə bağlı rəsmi bildiriş olmasa da, şifahi şəkildə bildirilmişdi ki, xeyli azalma olacaq. Bu səbəbdən də, sponsor axtarışına çıxmışdıq. Buna görə də, klubun dağılmasıyla bağlı söhbətlər çıxırdı. “Gilan”ın nəzdində olan, ancaq müstəqil marketinq fəaliyyəti aparan sponsorlarla görüşmüşdük. İndi isə “Jalə” ilə əməkdaşlıq edəcəyik. “Qəbələ” fəaliyyətini davam etdirəcək.
Bu görüşlər çərçivəsində AFFA rəsmiləri və şəxsən baş katib Elxan Məmmədovla görüşmüşük. AFFA-dan bir sıra klublara maliyyə dəstəyi var. Biz də görüşdük ki, onlardan hansı maliyyə dəstəyi ala bilərik. AFFA-dan “Qəbələ”yə dəstək olmadı və bunu büdcənin miqdarıyla əsaslandırdılar. “Qəbələ” fəaliyyətini davam etdirir. Bu vəziyyəti Azərbaycan futboluyla bağlayıram. Klubun dağılması böyük zərbə olardı. Növbəti sponsorlarla da danışıqlar gedir. Daha yaxşı büdcə əldə edib, daha yaxşı nəticələr əldə edəcəyik”.
Şahin Cəfərov
Bizi Facebook-da izləyin