Üzüqara ayrıldığımız AÇ-2020-yə sözardı: Fədakar Şeydayev, “sərt” Nazarov

Azərbaycan milli komandası AÇ-2020-nin seçmə mərhələsinin E qrupunda Xorvatiya, Uels, Slovakiya və Macarıstanla mübarizə apardı. Nikola Yurçeviçin rəhbərlik etdiyi komanda qrupda keçirdiyi 8 oyunda sadəcə 1 xal qazanaraq, qrup mərhələsini sonuncu yerdə tamamladı.

Azərbaycan millisi ilə yanaşı, öz qruplarında sonuncu olan komandalar Litva (1), Monteneqro (3), Moldova (3), Cəbəllütariq (0), Lixtenşteyn (2), Malta (3), San Marino (0), Latviya (3) və Estoniyadır (1).

Azərbaycan yığması seçmə mərhələdə keçirdiyi ilk 5 oyunda qol vurmağı bacararaq, ölkə futbolu tarixində ilkə imza atmışdı. Ancaq milli üçün bu ilk daha sonra uğursuzluğa çevrildi və qrupdakı son 3 oyunda da qələbəyə həsrət qaldıq.

Azərbaycan millisi keçirdiyi 8 oyunda 5 qol vurduğu halda, qapısında 18 top görüb. Buraxılan qolların 11-i Bakıdakı matçlara, 7-si isə səfər oyunlarına təsadüf edib. Millinin qollarını Ramil Şeydayev (2), Mahir Emreli (2) və Təmkin Xəlilzadə vurub.

Azərbaycan millisinin seçmə mərhələdə ən yaxşı futbolçusu Ramil Şeydayevdir. Moskva “Dinamo”sunda forma geyinən hücumçu 2 qol vurub, 1 dəfə də məhsuldar ötürmə edib. Ramilin UEFA-nın statistikasına görə 594 xalı var.

Xorvatiya ilə qollu bərabərə qalınan oyunda (1:1) “çərçivə”ni qoruyan, milli komandada debüt edən Emil Balayev, həm bu görüşdə, həm də seçmə mərhələnin son 3 matçında sərgilədiyi oyunda 588 xal qazanıb və Ramilin ardından 2-ci sırada yer alıb.

İlk 3-lüyü isə Bəhlul Mustafazadə tamamlayır. Müdafiədə inamlı oyunu ilə diqqətləri üzərinə çəkməyi bacaran Bəhlul, qrupda 5 oyunda start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. “Sabah”da forma geyinən 22 yaşlı müdafiəçinin oyunu 566 xalla dəyərləndirilib.

Siyahıda 4-cü 561 xalla Riçard Almeyda, 5-ci isə 493 xalla Qara Qarayevdir.

Almaniyanın “Ersgebirge” klubunda forma geyinən və bu mövsüm 2-ci Bundesliqada 5 qol vuran Dmitri Nazarov, yığma komandada yalnız sərtliyi ilə yadda qalıb. Seçmə mərhələdə 5 oyunda start heyətdə meydana çıxan Nazarov, bu qarşılaşmaların 4-də sarı vərəqə ilə cəzalanıb. 29 yaşlı yarımmüdafiəçi milli komandanın seçmə mərhələdəki oyunlarında ən çox “sarı” alan futbolçusudur. Nazarovdan başqa, Cavid Hüseynov, Anton Krivotsyuk, Maksim Medvedev və Eddi İsrafilov da hərəyə 3 sarı vərəqə alıblar.

Azərbaycan milli komandasının AÇ-2020-nin seçmə mərhələsindəki nəticəsi yığma tarixində 2-ci ən pis nəticədir. Milli komanda bundan əvvəl 1996-cı ildə Avropa çempionatının seçmə mərhələsində qrupu 1 xalla tamamlamışdı.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button