“Özümüz də bu vəziyyətdən narazıyıq” – Bəhlul Mustafazadə
Azərbaycan millisinin müdafiəçisi Bəhlul Mustafazadə AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Uelsə 0:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Komanda.az xəbər verir ki, 22 yaşlı müdafiəçi öncə oyunu şərh edib:
- Oyunun çətin keçəcəyini bilirdik. Rəqib qrupdan çıxmaq üçün mübarizə aparır. Matçın startında qol buraxdıq. Təəssüf ki, toparlanmadıq və ikinci qolu da qapımızda gördük, geri dönüş edə bilmədik. Bundan əlavə, ona üzülürəm ki, son ev matçında azarkeşləri sevindirə bilmədik. Ümid edirəm ki, biz bunu gələcəkdə bacararıq.
- İkinci hissədə heç oynaya bilmədiniz. Bunun səbəbi nə idi?
- Uelsli futbolçuların keyfiyyəti hamıya məlumdu. Hesab 0:2 olandan sonra bəlkə də, o inamı özümüzdə hiss etmədik. Geri dönüş etməyə inamsızlıq yarandı.
- Millidə ən yaxşılardan birisən. Gələcəkdə bu bataqlıqdan xilas olub, xaricə getmək istəyirsən?
- Bəli, bunu mütləq istəyirəm.
- Səninlə İngiltərənin “Sanderlend” klubunun maraqlandığı iddia edilirdi. Bu dedi-qodular nə dərəcədə realdı?
- Konkret klub adı deyə bilmərəm. Mənə nəsə deyilməyib. Özünüz də ölkə xaricindəki oyunçularla yerli futbolçuların keyfiyyət fərqini görürsüz. İnkişaf etmək üçün maksimum şəkildə ölkədən çıxmaq lazımdı. Bunun fərqindəyəm və belə şans olsa, dəyərləndirəcəm.
- Azərbaycan millisi bu tsikl səfərdə daha yaxşı oynayır. Bunun səbəbi nədi?
- Bunu dəqiq bilmirəm. Ola bilər ki, evdə qalib gəlməyə çalışırıq və üzərimizdə təzyiq olur. Səfər görüşündə isə rahat oluruq. Başqa fikrim yoxdu.
- Qara Qarayev bildirdi ki, hakim penaltini verməməklə motivasiyamızı pozdu. Sən necə düşünürsən?
- Əlbəttə, penalti olsaydı, hesabı 2:1 etmək olardı. Çünki sonra da şanslarımızı dəyərləndirmək olardı. Qaranın sözlərinə qismən də olsa, qatılıram. Qol vursaydıq, geri dönüş üçün inam yaranacaqdı.
- Rəqib azarkeşlər bu gün stadionda azərbaycanlı fanatlardan çox idi. Belə bir hal millimizin ev oyununda ilk dəfə yaşandı. Onlar Uelsli futbolçulara güclü dəstək verdilər.
- Bu, onların genetikasında var. Böyük britaniyalıların bizdən fərqli olaraq, azarkeş mentaliteti var. Onların çempionatı, mədəniyyəti bizdən fərqlidi. Bizdə futbola böyük maraq yoxdu, amma onlarda böyük sevgi var. Ona görə də onların bu qədər azarkeşi var.
- Xaricdən rəsmi təklifin var?
- Mənə heç bir təklif gəlməyib.
- Son oyun səfərdə Slovakiyaya qarşı olacaq. Qrupdakı çıxışı 1 xalla bitirəcəyik, yoxsa az da olsa, şans var?
- Çalışacağıq, nəticə qazanaq. Qrupu bir xalla bitirmək istəmirik. Özümüz də bu vəziyyətdən narazıyıq. Fərqinə varmalıyıq ki, qrupdakı rəqiblər səviyyə baxımından bizdən güclüdü. Son oyunda vuruşacağıq. Çətin olacaq. Slovakiya keyfiyyət baxımından Xorvatiyadan sonra qrupda ikincidi. Nəticə qazanmağa çalışacağıq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin