Mircavadov: “Azərbaycan millisi dünya çempionatında bəlkə, 1-2 xal qazana bilərdi”

Artıq DÇ-2026-nın həlledici mərhələsi start götürüb. Qrup oyunlarının başa çatmasının ardından mundialda 1/16 final qarşılaşmaları keçirilir və turnirdə mübarizə getdikcə daha da gərginləşir.

Keçirilən oyunlar, favoritlərin çıxışı və Azərbaycan millisinin belə bir turnirdə mümkün performansı ilə bağlı fikirlərini öyrənmək üçün AFFA Məşqçilər Komitəsinin üzvü, Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadovla əlaqə saxladıq.

Mircavadov Komanda.az-a açıqlamasında onun üçün dünya çempionatının indi başladığını bildirdi:

“Oyunları izləyirəm və əslində, mənim üçün dünya çempionatı indi başlayır. Qrup mərhələsində 48 komanda arasında həm ortabab, həm də daha zəif yığmalar var idi. Amma buna baxmayaraq, bir neçə matç çox xoşuma gəldi. Xüsusilə, Fransa və Mərakeş millilərinin oyunları taktiki baxımdan çox maraqlı alındı. Dünənki Braziliya – Yaponiya (2:1) görüşü də yüksək səviyyədə keçdi. Yaponiya futbolunun ildən-ilə inkişaf etdiyini görürük. Onların oyunlarını tez-tez izləməsək də, əksər futbolçularının Avropada çıxış etməsi bunu açıq şəkildə göstərir.

Məni ən çox təəccübləndirən isə Almaniya millisi oldu. 2014-cü ildə dünya çempionu olan komandanın heyətində əsasən “Bayern”də və digər güclü klublarda çıxış edən yüksək səviyyəli alman futbolçular var idi. İndi isə hücum, orta xətt, hətta müdafiədə belə, əsas rolları əcnəbi əsilli oyunçular oynayırlar. Bu da yığmaya mənfi təsir göstərir. Almaniya həmişə güclü hücumçuları ilə seçilib. İndi isə yerli futbolçuların inkişafına əvvəlki qədər diqqət ayrılmadığı hiss olunur. Son illərdə Almaniyanın U-19 və ya U-21 millisinin böyük uğur qazandığını xatırlamıram. Halbuki, onların infrastrukturu və şəraiti yüksək səviyyədədir. Amma bütün bunlar artıq əsas millinin nəticələrində özünü göstərmir.

Düşünürəm ki, qarşıdakı mərhələlərdə daha keyfiyyətli oyunlar izləyəcəyik. Dünya çempionatlarında hər dörd ildən bir futbolda müəyyən yeniliklər, taktiki dəyişikliklər görünür. Bu turnirdə isə ilk növbədə sürət diqqət çəkir. Artıq sürət qapıçıdan hücumçuya qədər, bütün mövqelərdə əsas amilə çevrilib. Bundan başqa, dözümlülük, mübarizə əzmi və cinahlardan effektiv istifadə müasir futbolun əsas xüsusiyyətləridir. 1/16 finaldan finala qədər keçiriləcək oyunları diqqətlə təhlil etmək lazımdır. Çünki turnirdə hələ çox iddialı komandalar qalıb”.

Mircavadov Azərbaycan millisinin dünya çempionatında mümkün çıxışı ilə bağlı da fikirlərini bölüşüb:

“Mən Özbəkistan millisinin çıxışını diqqətlə izlədim. Onlar dünya çempionatında ilk dəfə iştirak etsələr də, öz oyun üslublarından imtina etmədilər. Asiyada necə oynayırdılarsa, burada da eyni futbolu nümayiş etdirdilər. Yoxlama görüşlərini, xüsusilə, Niderlandla matçı da izləmişdim. Həmin oyun fəlsəfəsini dünya çempionatında da davam etdirdilər. Komandanın hər mövqedə keyfiyyətli futbolçuları var. Müdafiədə “Mançester Siti”də çıxış edən oyunçu, orta xətdə hücuma qoşulan – hətta qol da vurdu – hücumda isə əvvəl “Roma”nın formasını geyinən forvard yer alır. Yəni, heyətdə balans və keyfiyyət hiss olunur.

Azərbaycan millisinə gəlincə, hesab edirəm ki, biz də öz oyun üslubumuzu göstərə bilsəydik, bəlkə, 1-2 xal qazana bilərdik. Amma bunun hansı heyətlə və hansı hazırlıq səviyyəsində mümkün olacağı böyük sualdır. Hazırkı vəziyyətdə millimizə yalnız uğurlar arzulamaq olar. Çünki görüləsi iş çoxdur. Futbolçularımızın əksəriyyəti klublarında az oynayırlar. Bu da milli komandanın çıxışına birbaşa təsir edir. Oyun təcrübəsinin və fiziki hazırlığın çatışmazlığı meydanda açıq şəkildə hiss olunur”.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button