
Anri: “Düşünürdüm ki, Messi heç vaxt bu işin ustası olmayacaq”
“Barselona”nın sabiq futbolçusu Tyerri Anri, argentinalı hücumçu Lionel Messinin cərimə zərbələrini yerinə yetirməsi ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, fransalı keçmiş futbolçu, Messinin karyerasının əvvəlində cərimə zərbələrində o qədər də uğurlu olmadığını, ancaq daim məşq etməklə bu komponentdə dünyanın ən yaxşılarından birinə çevrildiyini bildirib:
“Messinin cərimə zərbələrini vurmağa necə başladığını görmüşəm. Bu, o qədər də yaxşı alınmırdı. Hətta düşünürdüm ki, o, heç vaxt bu işin ustası olmayacaq. Amma təkrar, hətta ən yaxşılar üçün də hər şey deməkdir. İnsanlar anlamırlar ki, istedad var, amma onun üzərində işləmək lazımdır. Messi hər gün cərimə zərbələri üzərində məşq edirdi. Top bəzən divara dəyirdi, bəzən isə qapıdan aralı keçirdi. İndi isə onun demək olar ki, hər cərimə zərbəsi ya qolla, ya da qapıçının seyvi ilə nəticələnir”.
Messi 2026-cı il dünya çempionatının qrup mərhələsinin 3-cü turunda İordaniya millisi ilə oyunda (3:1) cərimə zərbəsindən fərqlənib. Bununla da, 39 yaşlı hücumçunun karyerasında standart vəziyyətlərdən vurduğu qolların sayı 72-yə çatıb.
Bizi Facebook-da izləyin



