
“Messi 2022-ci ildə olduğu səviyyədədir”
Argentina millisinin müdafiəçisi Nikolas Talyafiko DÇ-2026 zamanı komandanın əhval-ruhiyyəsi və Lionel Messinin hazırkı forması barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu, yığmadakı birlik və komanda ruhunun Argentina millisinin əsas üstünlüklərindən biri olduğunu vurğulayıb:
“Hər bir futbolçu milliyə gələndə komanda yoldaşı üçün əlindən gələni etmək istəyir. Eyni düşüncəyə malik 10-15 oyunçu bir araya gələndə rəqib üçün səni məğlub etmək çox çətin olur. Bizi güclü milli komandaya çevirən də məhz budur”.
Müdafiəçi, Lionel Messinin hazırkı durumuna da toxunub:
“Messi 2022-ci ildə olduğu səviyyədədir. O, futboldan böyük zövq alır. Öz üzərinə əlavə təzyiq qoymasına ehtiyac yoxdur”.
Messinin lideri olduğu Argentina millisi 2022-ci ildə dünya çempionu olub.
Bizi Facebook-da izləyin



