
Rövşən Nəcəf dünya çempionatının Azərbaycana həvalə olunmasından danışdı, FİFA-ya təşəkkür etdi
15 yaşadək futbolçulardan ibarət komandalar arasında ilk dünya çempionatının ev sahibliyinin Azərbaycana həvalə edilməsi AFFA ilə FİFA arasında uğurlu əməkdaşlığın nümunəsidir.
Komanda.az xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövşən Nəcəf qurumun mətbuat xidmətinə açıqlamasında deyib:
“FİFA Şurasının Bürosunun qərarı ilə ölkəmiz cari ilin oktyabrında 15 yaşadək oğlan futbolçulardan ibarət komandalar arasında ilk dünya çempionatına və 2026-cı il Festivalına ev sahibliyi edəcək. Bu qərar ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə idmanın, o cümlədən futbolun inkişafına göstərdiyi diqqət və qayğının, dövlətimizin uğurlu idman siyasətinin parlaq nəticəsidir. Turnirin keçirilməsinin beynəlxalq yarışların, böyük və mötəbər tədbirlərin təşkilində zəngin təcrübəyə malik Azərbaycana həvalə olunması ölkəmizin idman dövləti kimi güclü mövqeyinin təzahürüdür”.
Rövşən Nəcəf göstərilən etimada görə FİFA-ya təşəkkür edib:
“İlk dəfə təşkil olunacaq və yeni formatda keçiriləcək dünya çempionatının ev sahibliyi üçün Azərbaycanın seçilməsi eyni zamanda AFFA ilə FİFA arasında uğurlu əməkdaşlığın növbəti nümunəsidir. Bu xüsusda, AFFA-ya göstərilən etimada görə FİFA rəhbərliyinə təşəkkürümüzü bildiririk. Bu əlamətdar hadisə münasibətilə Azərbaycanın futbol ictimaiyyətini ürəkdən təbrik edirik”.
U-15-lərin dünya çempionatı bu il 22-31 oktyabrda təşkil olunacaq.
Bizi Facebook-da izləyin



