Fransa səfirliyi ÇL-ə gedən futzalçılara niyə viza verməyib? – Axundovdan açıqlama

Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov “Araz” klubunun 4 futzalçısının Belçikaya yollana bilməməsinin səbəblərini açıqlayıb.

Komanda.az xəbər verir ki, Axundov, Fransa səfirliyinə futzalçıların vizası üçün vaxtında müraciət edildiyini deyib:

“Onları Belçikaya sənədlərin gecikməsini səbəb göstərib buraxmadılar. Əslində isə biz sentyabrın 23-də bütün sənədləri təhvil vermişdik. Lakin vaxtında bizə xəbər vermədilər. Fransa səfirliyi viza vermədi. Vaxtında xəbər etsəydilər, alternativ yollar axtarardıq. İndi bura cəmi 7 futzalçı ilə gəlmişik. Necə olacağını da bilmirik”.

Federasiya prezidenti, viza verilməyən 4 komanda üzvünün iranlı olmasına görə bu problemlə üzləşmək ehtimalının olmadığını sözlərinə əlavə edib:

“Düşünmürəm ki, sırf iranlı olduqlarına görə belə problemlə üz-üzə qalıblar. Dünyada keçirilən yarışlarda saysız-hesabsız İran idmançıları çıxış edir. Onlar necə viza alıb gedirlər?” (Qafqazinfo).

Axundov deyib ki, məsələ ilə bağlı UEFA-ya şikayət ediləcək:

“Biz Belçikada yarışa qatılacağımızla bağlı UEFA-dan məktub da alıb səfirliyə təqdim etmişdik. Lakin o da kömək olmadı. Yəqin ki, qitə futbol qurumuna bununla bağlı şikayətlərimiz olacaq. AFFA da öz narazılığını rəsmi şəkildə onlara çatdıracaq”.

“Araz” futzal üzrə UEFA Çempionlar Liqasında bu gün Belçikanın “Halle Gooik” klubu ilə qarşılaşacaq. Oyun saat 22:30-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button