“Karvan-Yevlax”ın Premyer Liqadan düşəcəyini gözləmirdim” – MÜSAHİBƏ

“Karvan-Yevlax”ın sabiq baş məşqçisi Azər Həşimov Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

– “Karvan-Yevlax”ın 1-ci Liqaya düşməsi sizin üçün nə dərəcədə gözlənilən idi? Nəzərə alsaq ki, mövsümün əvvəlində komandaya siz rəhbərlik edirdiz. Bu vəziyyəti necə dəyərləndirirsiz və əsas səbəbləri nədə görürsüz?

– Mən bunu gözləmirdim. Sadəcə, hər zaman vurğulamışam və bir daha vurğulamaq istəyirəm ki, mənim komandada çalışdığım dövrdə toplanan beş xal həmin şərait üçün normal nəticə idi. Qarşıda hələ 21 tur var idi və çempionatın böyük hissəsi oynanmamışdı. Bundan əlavə, ev oyunlarımızı Yevlaxda keçirməyə hazırlaşırdıq ki, bu da komandanın nəticələrinə müsbət təsir göstərə bilərdi. Futbolda bəzən bir-iki uğurlu nəticə komandanın ümumi ab-havasını və turnir vəziyyətini dəyişə bilir. Ona görə də, həmin vaxt komandanın vəziyyətini ümidsiz hesab etmirdim. Təəssüf ki, sonrakı mərhələdə müxtəlif səbəblərdən nəticələr istənilən kimi olmadı və komanda aşağı liqaya düşdü.

– “Turan Tovuz”un Konfrans Liqasından uzaqlaşdırılması böyük səs-küy yaratdı. Bu qərar barədə fikirləriniz nədir və sizcə, klubun gələcək perspektivinə necə təsir edə bilər?

– Bu qərar həm klub, həm də Azərbaycan futbolu üçün üzücü oldu. Xüsusilə də, Ehtiram Quliyevin (“Turan Tovuz”un idarə heyətinin sədri) kluba və ümumilikdə futbolun inkişafına yatırdığı böyük sərmayələri nəzərə alsaq, buna təəssüflənməmək mümkün deyil. Eyni zamanda, “Turan Tovuz”un böyük və sadiq azarkeş kütləsi var. Ən çox da onların adına üzülürəm. Bu qədər zəhmətin, əziyyətin və görülən işlərin avrokuboklarda təmsilçiliklə nəticələnməsi hamının arzusu idi. İnanıram ki, klub bu vəziyyətdən düzgün nəticə çıxaracaq və gələcəkdə daha güclü şəkildə yoluna davam edəcək.

– Ümumilikdə, Azərbaycan klublarının avrokuboklardakı çıxışından nə gözləyirsiz? Sizcə, real hədəf hansı mərhələ olmalıdır?

– Düşünürəm ki, Azərbaycan klubları hər il avrokuboklarda daha iddialı olmalıdırlar. Əlbəttə, rəqabət çox yüksəkdir, amma minimum hədəf mərhələ adlamaq və ölkə reytinqinə töhfə vermək olmalıdır. İnanıram ki, düzgün planlaşdırma və keyfiyyətli heyətlə klublarımız daha uğurlu nəticələr əldə edə bilərlər.

– Yeni mövsüm üçün ümumi mənzərəni necə görürsüz? Klublardan hansı inkişafı gözləyirsiz və hansı problemlər qalmaqdadır?

– Son illərlə müqayisədə çempionatda rəqabətin artdığını görürük. Bu, sevindirici haldır. Bir çox klublar infrastruktura və heyətin gücləndirilməsinə diqqət ayırırlar. Bununla yanaşı, hələ də müəyyən problemlər qalmaqdadır. Xüsusilə, uşaq futbolu, akademiyalar və yerli futbolçuların inkişafı istiqamətində daha ciddi addımlar atılmalıdır. Uzunmüddətli uğurun təməli məhz bu sahələrdən başlayır.

– Azərbaycan futbolunda son illər dəyişikliklər olsa da, sabit nəticələr hələ tam görünmür. Sizcə, əsas çatışmazlıq nədədir?

– Məncə, əsas çatışmazlıqlardan biri bütün klublarda yüksək səviyyəli akademiyaların olmamasıdır. Futbolun inkişafı üçün baza məhz akademiyalardır. Güclü futbol ölkələrinin təcrübəsinə baxdıqda görürük ki, onların uğurunun əsas səbəblərindən biri düzgün qurulmuş uşaq-gənclər futbol sistemidir. Azərbaycanda da bütün peşəkar klubların yüksək səviyyəli akademiyaları fəaliyyət göstərməli, gənc futbolçuların inkişafına daha çox diqqət ayrılmalıdır. Uzunmüddətli uğurlar yalnız bu yolla əldə edilə bilər.

– Yeni mövsüm üçün hansısa təklifiniz varmı?

– Bəli, müxtəlif təkliflər olub və gələcəkdə də ola bilər. Amma mən sadəcə iş xatirinə işləmək istəmirəm. Mənim üçün əsas məsələ planlı, sistemli, strukturlu və layihə əsaslı işlərin həyata keçirilməsidir. Qarşıda konkret məqsədlər, hədəflər və inkişaf strategiyası olmalıdır.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button