
“Qarabağ”ı çempionluqdan silmək hələ çox tezdir” – SORĞU
Azərbaycan Premyer Liqasında çempionluq mübarizəsində diqqətlər iki əsas iddiaçıya – “Qarabağ” və “Sabah”a yönəlib. Son turda bu komandaların qarşılaşmasında qalib müəyyənləşmədi (3:3). Belədə, ehtiyatda bir oyunu olan “köhlən atlar”la Masazır təmsilçisi arasındakı xal fərqi 7 olaraq qaldı. Bu isə mövsümün qalan hissəsində çempionluq mübarizəsinin daha da qızışacağı deməkdir.
Komanda.az idman mediasında çalışan bəzi həmkarlarımızın bu mövzuda fikirlərini öyrənib. Onlara “Sizcə, kimin çempionluq şansı daha çoxdur: “Qarabağ”, yoxsa “Sabah”? “Və nəyə görə?” suallarını ünvanladıq:
Elçin Cəlilov (“futbolpress.az”)
“İndidən söyləmək çətindir, çünki hələ xeyli tur var. “Qarabağ”la “Sabah” arasında hələ daha bir oyun var və eyni zamanda, Ağdam təmsilçisinin ehtiyatda daha bir qarşılaşması var. “Qarabağ” “Neftçi” ilə oyunda qalib gəlsə, çempionluq şansı artır, çünki komandanın neçə illər çempionluq mentaliteti formalaşıb, bu yolun eniş-yoxuşunu “Sabah”dan daha yaxşı bilir. “Sabah” isə hələ çempion olmayıb. Masazır təmsilçisi 3:0 hesabını qoruya bilmədi, komandada hələ psixoloji möhkəmlik formalaşmayıb. Turnir cədvəlinə baxsam, “Sabah”ı daha üstün görərəm. Lakin “Qarabağ”la oyunda komandada psixoloji möhkəmliyin olmaması hiss olundu. 3:0-dan sonra hesabın 3:3 olması Masazır təmsilçisinin digər oyunlarına da pis təsir edə bilər. İdmanda belə şeylər olur. “Sabah” psixoloji məngənəni aşa bilsə, turnir cədvəlinə görə, şansı “Qarabağ”dan çoxdur. “Sabah” bu cür məsələlərdə təcrübə göstərə bilməsə, “Qarabağ” öz təcrübəsiylə önə keçəcək”.
Kənan Məstəliyev (“rekord.az”)
“Sabah”ın çempionluq şansının daha çox olduğunu düşünürəm. Çünki “Qarabağ”la qarşılaşmada qeydə alınan heç-heçə aradakı xal fərqinin azalmasına imkan vermədi. Qarşıda daha bir “Qarabağ” – “Sabah” qarşılaşmasının olmasına baxmayaraq, üstün tərəf kimi Masazır təmsilçisini görürəm. Çempionatda cəmi 11 tur qalıb. “Turan Tovuz”la “Qarabağ” kimi əsas rəqibləri çıxsaq və digər komandalarla görüşlərdə xal itirməsə, “Sabah”ın çempionluğu təmin etdiyini demək olar. “Qarabağ”ın da “Neftçi” ilə ehtiyatda bir oyunu var. Ehtimallar üzərindən götürsək və daha reallığa yaxın proqnozlar vermək istəsək, “Sabah”ı bir addım öndə görmək olar.
Bu, futboldur, çempionatımızda maraqlı qarşılaşmalar olur və eyni zamanda, xal itkiləri də olur, hər kəsin hər kəsə “badalaq vura” bildiyi çempionatdır. Buna görə də, indidən çempionluq haqda birmənalı fikir bildirmək olmaz. Lakin reallığa baxdıqda, üstünlüyü 55 faizin 45 faizə “Sabah”ın xeyrinə qiymətləndirmək olar”.
Mehman Süleymanov (“presssport.az”)
“Qarabağ”ın “Sabah”la 3:3 hesabıyla nəticələnən oyunundan sonra çempionluq uğrunda intriqa qaldı. “Sabah” oyunda böyük üstünlüyə malik idi və qələbəni qazanıb, çempionluğu təmin etməli idi. Amma bunu bacarmadı. Düşünürəm ki, çempionluq şansları bərabər olaraq qalır. Faiz baxımından desəm, üstünlüyü 51 faizin 49 faizə “Sabah”ın xeyrinə qiymətləndirərdim. Hər şey “Sabah”ın öz əlindədir. Komanda digər matçların hər birində qalib gəlsə, “Qarabağ”la oyunlarının nəticəsindən asılı olmayaraq, çempion olacaq. Lakin “Qarabağ” da son matçda böyük təcrübəyə malik komanda olduğunu göstərdi. “Sabah” isə 12 dəqiqədə 3 qol buraxmaqla, hələ ki, çempionluğa hazır olmadığını göstərmiş kimi oldu. Əsas rəqiblə oyunda müdafiədə belə boşluqlar olmamalıdır. “Qarabağ”ın “Neftçi” ilə ehtiyatda bir oyununun olmasını nəzərə alsaq, komanda mütləq qalib gəlməlidir ki, xal fərqi dördə ensin. Ancaq “Qarabağ” qalib gələ bilməsə, bu, “Sabah”ın çempionluq şanslarını artıracaq.
Qarşıda tam bir dövrə var və “Sabah”ın da xal itkiləri gözləniləndir. Masazır təmsilçisinin yaxın gələcəkdə “İmişli” ilə səfər matçı var və komandanın özünü orada necə göstərəcəyi, maksimal nəticəni qazanıb-qazanmayacağı diqqət çəkir.
Onu da əlavə edə bilərəm ki, sevindirici məqam, uzun zamandan sonra Premyer Liqamızda çempionluq uğrunda mübarizə gərgin keçir və bu, yəqin ki, son turlara qədər davam edəcək. “Qarabağ”ın Avropa macərası başa çatıb və komanda bütün diqqətini daxili yarışlara yönləndirəcək. Bura həm çempionat, həm də kubok yarışları daxildir. Ağdam təmsilçisi “Şamaxı” və “İmişli” ilə çətin səfər matçlarında sonda qələbə qazana bilmişdi. Daha sonra əsas rəqibi “Sabah”ın da çempionluq uğrunda yarışda lider qalmasına imkan verməyərək, qələbə olmasa da, qələbəyə yaxın nəticə göstərdi. Bu o deməkdir ki, “Qarabağ”ı çempionluqdan silmək hələ çox tezdir”.
Rasim Sultanzadə (“apasport.az”)
“Hər iki tərəf üçün avantajlar və dezavantajlar var. “Qarabağ”ın avantajı illərdir bu pilləyə oynaması, qazanılan çempionluqlar və Avropanın böyük komandalarıyla qarşılaşmasıdır. “Qarabağ” bu səviyyələri artıq gözüyumulu keçən komandadır. “Köhlən atlar”ın çempionluq uğrunda avantajı artıq bu yolları bilməsidir. Dezavantajı isə “doymuşluq” sindromu ola bilər. Çempionlar Liqasının pley-off mərhələsinə qədər gedən komanda Premyer Liqa çempionluğunu vacib hesab etməyə bilər. İstər məşqçilər heyəti, istərsə də baş məşqçinin özü belə böyük uğurlar qazanan komandanın oyunçularını motivasiya etməkdə çətinlik çəkə bilər. Bunu bir sıra xal itkilərində Qurban Qurbanovun özü də demişdi.
“Sabah”ın dezavantajı isə çempionluq ənənəsinin olmamasıdır. Avantajı isə oyunçuların “ac” olmasıdır. Bu çempionluq “Sabah”ın futbolçuları üçün çox özəl olar.
Fikrimcə, bu mövsüm dəyişiklik olacaq və “Sabah”ı bir addım daha öndə görürəm”.
Nəzrin
Bizi Facebook-da izləyin



